Ukraynada yaşayan soydaşlarımız aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqət mərkəzində saxlayırlar. 30 mindən çox həmvətənimizin yaşadığı Xarkov şəhərində də seçki hüququna malik olan çoxsaylı Azərbaycan vətəndaşları var. Onların seçkilərə cəlb olunması üçün Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu və bu vilayətdəki Azərbaycan diaspor təşkilatları birgə fəaliyyət göstərir.
Bunu Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib. Xarkov vilayətinin aparıcı ali təhsil ocaqlarında 6 minə yaxın azərbaycanlı tələbənin təhsil aldığını bildirən Ə.Salmanov vilayətdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində iştirak etmələri üçün Azərbaycanın Ukraynadakı səfirliyində yaradılacaq seçki məntəqəsinə Xarkov şəhərindən xüsusi avtobusların təşkil olunacağını bildirib: “Bizim əsas məqsədimiz Xarkov şəhərində yaşayan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirakını təmin etməkdır. Bunun üçün Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu aprelin 11-də Xarkovdan Kiyev şəhərinə, yəni Azərbaycanın Ukraynadakı səfirliyində təşkil olunacaq seçki məntəqəsinə getmək üçün xüsusi avtobuslar təşkil edəcək”.
Ə.Salmanov bildirib ki, Azərbaycan Seçki Məcəlləsinə uyğun olaraq xaricdə yaşayan Azərbaycan vətəndaşları həmin ölkənin səfirliyində yaradılmış seçki məntəqəsinə gələrək istədiyi namizədə etimad göstərə bilər: “Bu baxımdan Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu, bu vilayətdə yaşayan Azərbaycan vətəndaşlarının öz konstitusion hüquqlarından istifadə etmələri üçün onların səfirliyimizə gedib-gəlmələrini öz üzərinə götürüb”.
Əfqan Salmanov onu da əlavə edib ki, Azərbaycanla Ukrayna arasında çox böyük dostluq və qardaşlıq münasibətləri mövcuddur. Onun sözlərinə görə, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri bilavasitə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Bu gün məhz minlərlə azərbaycanlı tələbənin Ukraynanın aparıcı təhsil ocaqlarında təhsil alması, on minlərlə həmvətənimizin bu ölkədə rahat yaşaması, beynəlxalq arenada hər iki ölkənin bir-birinə dəstək vermələri müdrik və uzaqgörən siyasətin əyani göstəricisidir. Mən fəxrlə demək istəyirəm ki, cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 15 ildə Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan hər iki ölkə beynəlxalq arenada strateji müttəfiqlər kimi prinsipial məsələlərdə bir-birinə dəstək verir. Dövlət başçısının Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporuna bəslədiyi xüsusi diqqət və qayğı, soydaşlarımızın bu ölkənin, dövlət və hökumət strukturlarına inteqrasiya olunmasına təkan verib. Bu baxımdan Ukraynada yaşayan soydaşlarımız, xüsusən də Xarkov vilayətində məskunlaşan həmvətənlərimiz qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Əminəm ki, cənab İlham Əliyev bu seçkilərdə də xalqımızın yekdil etimadını qazanacaq. Ölkəmiz və xalqımız Onun rəhbərliyi altında daha böyük uğurlara imza atacaq”.(yeniazerbaycan.com)
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …