Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Xidmət müqavilələri və QHT-lərlə bağlı yeni qaydalar: Vətəndaş cəmiyyətinə verilən mesajlar

Milli Məclis qeyri-hökumət təşkilatlarının xidmət göstərmə və iş aparma qaydalarına dair qanunvericilik tələblərini pozmaları ilə bağlı yeni cərimələr barədə dəyişiklikləri son oxunuşda təsdiqləyib.

Yeni cərimələrin tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.

QHT-lərin xidmət müqaviləsi əsasında fəaliyyət göstərməsinə görə cərimələrin tətbiqinə dair qanun dəyişikliyi müzakirələrə səbəb olub. Rəsmi izahat bu dəyişikliklərin şəffaflıq və qanuni nəzarətin gücləndirilməsinə xidmət etdiyini irəli sürsə də, bir sıra QHT rəhbəri və hüquqşünas bu addımların vətəndaş cəmiyyətini nəzarətə almaq və fəaliyyət imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını bildirir.

Qrant və xidmət müqavilələri üzərindən yeni hüquqi məhdudiyyətlər

Son qəbul olunan qanunvericilik dəyişikliyi QHT-lərin fəaliyyətində yeni məhdudiyyətlər yaradır. Əvvəlki illərdə yalnız qrant müqavilələrinin qeydiyyata alınmaması və qeydə alınmamış qrantların qəbuluna görə məsuliyyət nəzərdə tutulurdu. Lakin indi bu məsuliyyət xidmət müqavilələrinə də şamil olunur. Nəticədə, QHT-lər həm qrant, həm də xidmət müqavilələrini qeydiyyatdan keçirmədikdə, eləcə də həmin müqavilələr üzrə ödəniş qəbul etdikdə hüquqi məsuliyyət daşıyacaqlar.

Hüquqşünas Səməd Rəhimli “Meydan TV”yə verdiyi açıqlamada bildirir ki, bu dəyişiklik, 2015-ci ildən etibarən qrant müqavilələrinin yerini tutan xidmət müqavilələri ilə işləmə imkanlarını tamamilə məhdudlaşdırır:

“Hazırkı dəyişiklik 2014-cü ildən etibarən QHT-lərin yalnız qrant müqavilələrini qeydiyyatdan keçirməməsinə görə cərimələnməsini nəzərdə tutan maddəni daha da genişləndirir. Fərq bundadır ki, indi xidmət müqavilələrinin də qeydiyyatı vacibdir və qeydiyyatdan keçirmədən həmin müqavilələr üzrə ödəniş qəbul edən QHT-lər də cərimə olunacaq. Bu dəyişikliklə 2014-cü ildən sonra icazə verilən yeganə fəaliyyəti- xidmət müqavilələri ilə işləmək imkanını da aradan qaldırır”.

Onun sözlərinə görə, bu il Baş Prokurorluğun açdığı “USAID cinayət işi” çərçivəsində xidmət müqavilələrinin qadağan edilməsi məsələsi artıq gündəmə gəlmişdi. Qəbul edilən dəyişiklik həmin cinayət işindən sonra hökumətin mövqeyini daha aydın şəkildə ortaya qoydu; bu dəyişikliklə 2014-cü ildən sonra vətəndaş cəmiyyəti üçün yeganə açıq yol olan xidmət müqavilələri də sıradan çıxarıldı.

Konstitusiyaya və beynəlxalq öhdəliklərə zidd hüquqi dəyişikliklər

Hüquqşünasın fikrincə, son qanun dəyişiklikləri sırf texniki və ya inzibati düzəlişlərdən ibarət deyil. Bu dəyişikliklər, eyni zamanda, Azərbaycanda birləşmək azadlığının hüquqi əsaslarını zəiflədən, vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarını məhdudlaşdıran mühüm hüquqi nəticələr doğurur. Xidmət müqavilələri uzun illərdir ki, qrantlara tətbiq edilən məhdudiyyətləri aşmaq üçün qeyri-hökumət təşkilatlarının istifadə etdiyi yeganə alternativ idi. Artıq bu alternativ də hüquqi məsuliyyətlə müşayiət olunduğu üçün praktiki olaraq əlçatmaz hala gətirilib:

Foto: Şəxsi arxivindən

“İXM-in 432-1-ci maddəsinə edilən bu dəyişikliklə xidmət müqavilələrinin sıradan çıxarılması, birləşmək azadlığının həyata keçirilməsini demək olar ki, mümkünsüz hala salır. Bu isə Konstitusiyanın 58-ci maddəsində qorunan birləşmək azadlığı hüququ ilə açıq-aşkar ziddiyyət təşkil edir.”

Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər, xüsusilə Avropa İnsan Hüquqları Konvensiyası (AİHK), dövlətin birləşmək azadlığına hörmət etməsini tələb edir. Hüquqşünasın fikrincə, son qanun dəyişikliyi bu öhdəliklərlə açıq şəkildə ziddiyyət təşkil edir. AİHK-nin 11-ci maddəsi ilə qorunan birləşmək azadlığı hüququ 2014-cü ildən bəri ardıcıl şəkildə məhdudlaşdırılır. Həmin il Venesiya Komissiyası Azərbaycanın QHT qanunvericiliyində etdiyi dəyişikliklərin bu hüququ praktik olaraq aradan qaldırdığını bəyan etmişdi.

Qrant mexanizmlərinə tətbiq olunan hüquqi baryerlərdən sonra vətəndaş cəmiyyəti fəaliyyətini xidmət müqavilələri vasitəsilə davam etdirməyə çalışırdı. Hazırda isə bu kanalın da hüquqi məsuliyyətlə müşayiət olunması, beynəlxalq ekspertlər tərəfindən “yumşaldılmanın ləğvi” və vəziyyətin daha da sərtləşməsi kimi dəyərləndirilir.

Xidmət müqavilələrinə görə də məsuliyyət tətbiq edilməsi Avropa Konvensiyasının 11-ci maddəsinin pozulmasıdır. Bu, Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir və Venesiya Komissiyasının əvvəlki tənqidlərini bir daha aktual edir. Rəsmi izahatlarda məhdudiyyətlərin şəffaflığı artırmaq məqsədi ilə tətbiq olunduğu qeyd edilir. Lakin şəffaflıq üçün qanunvericilikdə artıq kifayət qədər nəzarət mexanizmləri mövcuddur. Məsələn, “QHT-lər haqqında” Qanunun 29-cu maddəsinə əsasən, Ədliyyə Nazirliyi QHT-lərin fəaliyyətinə nəzarət edə bilir”, – Səməd Rəhimli bildirir.

Hüquqşünasın fikrincə, qrant və xidmət müqavilələrinin qeydiyyatına dair əlavə tələblərin tətbiqi, əksər hüquqşünaslar və QHT rəhbərləri tərəfindən vətəndaş cəmiyyətini maliyyə cəhətdən iflic etməyə yönəlmiş alət kimi qiymətləndirilir:

Şəffaflıq bəhanə kimi göstərilir, amma real məqsəd QHT-lərin maliyyələşməsinin qarşısını almaqdır. Ədliyyə Nazirliyinin indiyədəkki təcrübəsi bu niyyətin açıq göstəricisidir,” – deyə Səməd Rəhimli vurğulayır.

2013-2015-ci ildə QHT haqqında qanuna edilən dəyişikliklər və vətəndaş cəmiyyətinə yönəlmiş təzyiqlər nəticəsində fəaliyyətini dayandırmalı olan “Azad İqtisadiyyata Yardım İctimai Birliyi”nin rəhbəri Zöhrab İsmayıl deyir ki, hazırda baş verən dəyişikliklər o dövrdəki prosesin davamı olmaqla yanaşı, vətəndaş cəmiyyətinin fəaliyyətini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır:

“2014-cü ildə bizim QHT-nin büdcəsi indiki məzənnə ilə təxminən 400.000 (dörd yüz min) manat idi. Bakıda və regionlarda 20-dən çox işçimiz, təxminən 15 ekspertlə əməkdaşlığımız vardı. Ofisimiz, texniki imkanlarımız, arxivimiz, informasiya bazamız mövcud idi. Büdcə məlumatları, neft müqavilələrinin nüsxələri, Statistika Komitəsinın köhnə nəşrləri və öz tədqiqatlarımız ictimaiyyətə pulsuz təqdim olunurdu. Gənc jurnalistlər, tədqiqatçılar bu resurslardan faydalanırdı”.

Zöhrab İsmayıl foto sosial şəbəkə
Foto: Amerikanın səsi

“2014-cü ilin iyulunda təşkilatın hesablarına, mənim şəxsi kartlarıma həbs qoyuldu. Əməkdaşlarımız maaşlarını ala bilmədi. Bizə qarşı qondarma cinayət işi başladıldı, guya vergidən yayınmışdıq. İş həm Vergilər Nazirliyində, həm də Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İdarəsində araşdırılırdı. Dəfələrlə dindirilmişəm. Məqsəd təkcə biz deyildik- ölkədəki bütün müstəqil QHT-lərin fəaliyyətini bitirmək idi”- Zöhrab İsmayıl həmin dövrü belə xatırlayır.

2014-cü ilin avqustunda digər həmkarlarının həbsindən sonra ölkəni tərk etməyə məcbur olduğunu deyən Zöhrab İsmayıl bildirir ki, cinayət işi illərlə davam edib, 2016-cı ildə Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə statusu dayandırıldıqdan sonra hökumət beynəlxalq təzyiqlərlə müəyyən yumşalmaya gedib; onlar hüquqi yollarla mübarizə apararaq nəhayət, 2023-cü ilin fevralında Avropa İnsan Haqları Məhkəməsində qalib gələrək kompensasiya alıblar:

“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycanın statusunu dayandıranda bu, hökumət üçün kritik vəziyyət idi, çünki beynəlxalq maliyyə qurumlarından, xüsusilə Cənubi Qafqaz qaz kəmərinin tikintisi ilə bağlı kreditlər alınırdı və Azərbaycanın həmin təşəbbüsdəki statusu bu maliyyələşməyə təsir edirdi. Nəticədə hökumət prosesi yumşaltdı, hesablarımızın blokunu açdı, həbsdə olan həmkarlarımız azadlığa buraxıldı. Lakin bu addımlar nə təşkilatın fəaliyyətini, nə də itirilən resursları geri qaytardı. Üstəlik, vergi qurumları hesablarımızdan təxminən 16 min manat məbləğində vəsait götürmüşdü.Amma bu, itirilmiş təşkilatı, dayandırılmış fəaliyyətimizi geri qaytarmadı. Həbsdə olan yoldaşlarımız azadlığa çıxdı, hesablarımız açıldı, amma QHT olaraq biz artıq fəaliyyət göstərmirdik. Reyestr çıxarışını da illərlə ala bilmədik, yalnız AİHM qərarından sonra əldə etməyə nail olduq”, – deyə İsmayıl qeyd edir.

O bildirir ki, sonrakı illərdə bəzi beynəlxalq qurumlardan və səfirliklərdən dəstək imkanları olsa da, təşkilat bu riskləri bir daha götürməməyi qərara alıb. Çünki hökumətin repressiv siyasəti davam edirdi və bu, onlarda fəaliyyətin yenidən hədəf alınacağına dair əsaslı narahatlıq doğururdu. Onun sözlərinə görə, hazırda da bir çox həmkarlarının həbsdə olması həmin dövrdə baş verənlərin təsadüfi deyil, sistemli və məqsədli bir repressiya siyasətinin tərkib hissəsi olduğunu göstərir.

“Bu, sadəcə yeni bir repressiya dalğası deyil, vətəndaş cəmiyyətinin tam sıradan çıxarılmasının son mərhələsidir”

Zöhrab İsmayılın fikrincə, hazırda QHT-lərə qarşı baş verənlər təkcə müstəqil təşkilatlara deyil, uzun müddət neytral mövqedə dayanmağa çalışan və hökumətlə ehtiyatla davranan qurumlara da yönəlib: əvvəllər qrant ala bilməyən, lakin müəyyən xidmət müqavilələri ilə fəaliyyət göstərən bəzi QHT-lər də indi hədəfdədir. Cərimələrin artırılmasının daha çox gözdağı vermək məqsədi daşıdığını bildirir.

Onun sözlərinə görə, bu dəyişikliklər təkcə qeydiyyatda olan təşkilatlara deyil, qeydiyyatsız fəaliyyət göstərən qurumlara-məsələn, Demokratik Təşəbbüslər İnstitutu (IDI), AbzasMedia, Meydan TV kimi platformalara da tətbiq oluna bilər. O hesab edir ki, yeni qanuni mexanizmlərlə səfirlik və ya beynəlxalq tərəfdaşla xidmət müqaviləsi bağlayan fərdi şəxslər belə cərimə riski altına düşürlər.

İsmayıl bildirir ki, artıq qeydiyyatlı təşkilatların əksəriyyəti fəaliyyət göstərmir, yalnız QHT Agentliyindən vəsait alan qurumlar müəyyən dərəcədə aktivdir və onlar da əlavə qeydiyyata ehtiyac duymur. Özünün isə artıq QHT olaraq fəaliyyət göstərmədiyini, yalnız könüllü əsaslarla hesabat və araşdırmalar apardığını qeyd edir. Onun sözlərinə görə, bu mərhələ, faktiki olaraq, vətəndaş cəmiyyətinin sistemli şəkildə sıradan çıxarılmasının son mərhələsidir:

“Bu mərhələ artıq vətəndaş cəmiyyətinə mövcud olmağın belə qadağan edildiyi nöqtədir”.

“Hakimiyyətə loyal görünənlərə belə dolayısı ilə deyilir ki, yaşamaq istəyirsənsə, absurd və faydasız mövzularla məşğul ol”

Zöhrab İsmayıl hesab edir ki, yalnız QHT Agentliyinin nəzarətində olan, hakimiyyətə loyal qurumlara məhdud şəkildə mövcud olmaq imkanı verilir, lakin onların da real problemləri həll edə biləcək potensialı yoxdur. Çünki yazılmamış qaydalar, gizli senzura və resurs bölgüsü onların fəaliyyət imkanlarını məhdudlaşdırır.

O bildirir ki, QHT Agentliyi tərəfindən ciddi ictimai əhəmiyyət daşıyan layihələrə simvolik məbləğlər ayrılır, əvəzində isə hakimiyyətin ideoloji və ya simvolik maraqlarına uyğun-kulinariya, adət-ənənə, ya da “Qərbi Azərbaycan” kimi-mövzularda layihələrə dəstək verilir. Bu da müstəqil QHT-lərə açıq mesajdır ki, yalnız rejimə uyğunlaşsalar, onlara mövcud olmaq imkanı verilə bilər.

İsmayıl qeyd edir ki, repressiyalar nə qədər dərinləşsə də, vətəndaş cəmiyyətini tamamilə yox etmək mümkün deyil:

“Son illərdə parçalanmış müstəqil QHT-lərin bir qismi Avropada yenidən qeydiyyatdan keçərək fəaliyyətlərini oradan davam etdirir. Bu, Azərbaycandakı təsir imkanlarını azaltsa da, vətəndaş cəmiyyətinin məhvinin qarşısını alır”.

Onun fikrincə, bu gün onlarla fəal həbsdə olsa da, həm ölkə daxilində, həm də xaricdə könüllü əsaslarla fəaliyyət göstərən şəxslər var və onların mövcudluğu göstərir ki, bu sahə tamamilə sıradan çıxmayıb.

Check Also

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə …