Cümə , 22 Noyabr 2024
Drone Cameras

XİN başçılarının ABŞ-da görüşü ərəfəsində ermənilərin Azərbaycan əsgərini öldürməsi xüsusi əməliyyat idi

Sentyabrın 22-də cəbhəboyu zonada əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Meyit Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə neytral ərazidən götürülüb.

Qeyd edək ki, ermənilərin törətdikləri bu təxribat Dağlıq Qarabağla bağlı aparılan danışıqlarla eyni vaxta təsadüf edir. Azərbaycan Xarici İşlər Nazirliyi yaranmış vəziyyəti belə şərh edib:

”Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə, sadəcə, fikir mübadiləsi aparıldı”.

Ermənistan bu təxribatçı addımları ilə nə demək istəyir?

  • Samir Adıgözəlli: “Elə etmək istəyir ki, fundamental məsələlər deyil, məhz atəşkəsin qorunub saxlanması əsas müzakirə mövzusuna çevrilsin”

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, cəbhə xəttində təxribatların törədilməsi Ermənistan tərəfinin yeni taktikası deyil: “Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Ermənistanın əsas niyyəti bundan ibarətdir ki, status-kvo qorunub saxlansın, heç bir halda o dəyişməsin, münaqişənin həlli üçün aparılan danışıqlar prosesinə hər vasitə ilə maneə yaradılsın. Çünki danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir. Əks halda heç bir irəliləyişə nail olmaq mümkün deyil. Ona görə də Ermənistan tərəfi ciddi-cəhdlə həmsədrlərin regiona səfəri və mühüm danışıqlar ərəfəsində təxribatlara əl atır. Elə etmək istəyir ki, fundamental məsələlər, yəni status-kvonun dəyişdirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bu kimi digər məsələlər deyil, məhz atəşkəsin qorunub saxlanması əsas müzakirə mövzusuna çevrilsin”.

  • Nəzakət Məmmədova: “Təxribatlar həm də həmsədr ölkələrin öz aralarında olan ziddiyyətlərin, maraqlar toqquşmasının təzahürüdür”

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın təxribatları, əlbəttə ki, səbəbsiz deyil: “Ermənistan sülh istəmir. Mümkün qədər çox vaxt udub zaman qazanmaqla prosesləri öz xeyrinə dəyişməyə ümid edir. Status-kvonun dəyişməsi qətiyyən Ermənistanın xeyrinə deyil. O, vaxt udaraq dünya ictimaiyyətini, beynəlxalq təşkilatları fakt qarşısında qoymaq istəyir. Ermənistan sübut etmək istəyir ki, Dağlıq Qarabağ erməniləri “müstəqil dövlət” kimi yaşamaq, mövcudluq qabiliyyətinə malikdirlər və dünya ictimaiyyəti bunu nəzərə alaraq onların “müstəqilliyini” tanımalıdır. Təxribatlar həm də həmsədr ölkələrin öz aralarında olan ziddiyyətlərin, maraqlar toqquşmasının təzahürüdür. Həmsədrlərdən biri fəallaşan kimi digəri təşəbbüsün ona keçməsindən narahat olaraq, öz əlaltıları vasitəsilə atəşkəsi pozur. Ermənistan ordusu Rusiyanın, siyasi elitası ABŞ-ın, diasporu daha çox Fransanın nəzarəti altında olduğundan, həmsədrlər özləri təxribatlarda maraqlı qüvvə kimi çıxış edirlər. Görünən odur ki, bölgədə sülh Azərbaycandan başqa heç bir tərəfə maraqlı deyil və onlar cəbhə bölgəsində atəşkəsi pozub təxribatlar törətməklə insan həyatlarının itirilməsi hesabına bir-birinə güc nümayiş etdirərək, mesajlar verirlər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …