2020-ci ilin yanvar ayında Azərbaycana 1183 çinli turist gəlib. 2019-cu ilin müvafiq dövründə ölkəyə gələn çinli turistlərin sayı 767 olub. Ümumilikdə isə Azərbaycana gələn çinli turistlərin sayında 54,2 faiz artım qeydə alınıb.
Bunu açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.
Onun sözlərinə görə, çinli turistlərin sayında artım yanvar ayının 20-ə qədər müşahidə olunub: “Çinli turistlərin sayındakı artım yanvarın son 10 günlüyünə qədər olub. Yanvarın 20-dən sonra bu rəqəmlərdə azalma müşahidə edilir. Bu da Çində yayılan koronavirusla əlaqədardır. Çinli turistlərin sayında azalmanı daha çox fevral ayında müşahidə edəcəyik”.
Çin bazarının turizm üçün əhəmiyyətli olduğunu deyən O.Bədəlov qeyd edib ki, 2020-ci ildə Çindən Azərbaycana 40 minə yaxın turistin səfəri gözlənilirdi. Amma koronavirusun yayılması nəinki Azərbaycanın, əksər ölkələrin Çin bazarı ilə bağlı planlarını dəyişdi.
“Bu, Azərbaycan üçün müvəqqəti xarakter daşıyır. Bu günə qədər Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Çinlə bağlanan bütün müqavilələr və sazişlər qüvvədədir. Virus təhlükəsi yox olandan sonra Çinlə turizm sahəsində əməkdaşlıq yenidən bərpa olunacaq”.