Azərbaycanda bir sıra müxalif siyasi partiyalar, ictimai təşkilatlar və hüquq müdafiəçiləri bir araya gələrək 8 Noyabr – Zəfər Günü ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin azad olunmasına çağırış ediblər.
Toplantı oktyabrın 4-də Müsavat Partiyasının qərargahında, siyasi məhbusların ailə üzvləri, vəkillər, hüquq müdafiəçiləri, jurnalistlər və müxtəlif siyasi təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilib. Görüşdə həmçinin Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi və bir sıra ictimai birliklərin nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda müvafiq bəyanat qəbul olunub.
“Cəmiyyəti qorxu altında saxlamaq siyasəti davam edir”
Bəyanatda qeyd olunur ki, Azərbaycanda 30 ildən artıqdır ki, insan haqları sistematik şəkildə pozulur, ölkə vətəndaşları fikir və ifadə, sərbəst toplaşma, seçki, hərəkət və digər fundamental azadlıqlardan məhrum edilib:
“Cəmiyyəti qorxu altında saxlamağı qarşısına məqsəd qoyan hakimiyyət repressiya siyasətini davam etdirir. AbzasMedia, Toplum TV, Meydan TV, Kanal 13 və digər müstəqil media orqanlarında çalışan, eləcə də onlarla əməkdaşlıq edən 30-dan çox jurnalist və ictimai fəal, o cümlədən doqquz qadın jurnalist əsassız olaraq həbsdə saxlanılır. İndi də “Hürriyyət” qəzetinin rəhbərliyinə qarşı müəmmalı cinayət işi qaldırılıb”, – bəyanatda vurğulanır.

Sənəddə bildirilir ki, hakimiyyət tənqidçiləri susdurmaq üçün siyasi müxalifətə və vətəndaş cəmiyyətinə qarşı davamlı təzyiq kampaniyası aparır, qanunsuz həbslər və məhkəmə qərarları ilə ictimai fəallığı boğur.
“Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 350-dən artıq siyasi məhbus var. Onlardan Tofiq Yaqublu, Zamin Salayev, Ələsgər Məmmədli, Şəmşad Ağa, Hafiz Babalı, Ələddin Ələsgərli və başqalarının səhhətində ciddi problemlər olsa da, onların tibbi yardım almaq imkanları məhdudlaşdırılıb”.
“Azadlıq və ədalət uğrunda mübarizə aparan xalq azad həyata layiqdir”
Bəyanat müəllifləri hesab edirlər ki, azadlıq və ədalət uğrunda mübarizə aparan Azərbaycan xalqı azad həyata layiqdir:
“Azərbaycan xalqı, o cümlədən müxalifət və vətəndaş cəmiyyəti dövlətin ərazi bütövlüyü uğrunda aparılan müqəddəs mübarizədə ordunun yanında olub. Biz hakimiyyəti bu amili nəzərə almağa, 8 Noyabr – Zəfər Günü ərəfəsində milli həmrəyliyin bərpası və cəmiyyətdə etimadın yaranması üçün siyasi məhbusların azad olunmasına çağırırıq”.
Toplantı iştirakçıları Azərbaycan hakimiyyətini ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərinə əməl etməyə, bütün siyasi məhbusları dərhal azad etməyə, ölkədə söz, media, sərbəst toplaşma və digər fundamental hüquq və azadlıqların təmin olunması üçün real addımlar atmağa çağırıblar.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu birmənalı şəkildə rədd edir, heç kimin fərqli düşüncəsinə, siyasi mövqeyinə görə həbs olunmadığını, onların konkret cinayət əməlinə görə həbs olunduğunu bildirirlər.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
