Son illər ölkəmizin, demək olar ki, çox yerində, xüsusən də paytaxt Bakıda “novostroyka”lar inşa edilir. 5 və 9 mərtəbəli binaları kölgədə qoyan çoxmərtəbəli binaların sayı çoxaldıqca, onlarla bağlı müxtəlif şayiələr də gündəmə gəlir. Daha çox diqqətçəkən məsələ “novostroyka”ların zəlzələyə davamsızlığı ilə bağlıdır. Bir sıra mütəxəssislər hesab edirlər ki, “novostroyka”lar təhlükəlidir və həmin binaların zəlzələyə dözümü çox aşağıdır.
“Novostroyka”larla müqayisədə Sovet dövründə inşa edilən “Xruşşovka”ların zəlzələyə daha dözümlü olduğunu deyən bəzi mütəxəssislər hesab edirlər ki, “Xruşşovka”lar Bakının iqliminə, şəraitinə tam uyğundur. “Novostroyka”ların isə qətiyyən paytaxtımızın şəraiti ilə uğunlaşmadığını iddia edənlərin qənaətinə görə, zəlzələ baş verən kimi çoxmərtəbəli binaların uçmaq təhlükəsi daha da çoxalır. “Novostroyka”ların xeyli hissəsinin inşasında tikinti qaydalarının gözlənilmədiyini deyən ekspertlər bildirirlər ki, bu səbəbdən onlar zəlzələyə elə də davamlı deyil. Bu gün müzakirə edilən əsas məsələlərdən biri “Xruşşovka”ların “novostroyka”larla müqayisədə daha çox zəlzələyə davam gətirmək iqtidarında olmasıdır.
- Cahandar Məmmədov: “…“Xruşşovka”lar köhnə binalar olmasına baxmayaraq, zəlzələyə daha dözümlüdür”
Tikinti mühəndisi Cahandar Məmmədov bizimlə söhbətində bildirdi ki, “novostoyka”lar əsasən özəl tiknti şirkətləri tərəfindən inşa edilir və heç də bütün tikinti şirkətlərinin tikdiyi binaların hamısı keyfiyyətli deyil. O, həmçinin, vurğuladı ki, Bakıda Sovet dövründə inşa edilən “Xruşşovka”ların çoxunun istismar müddəti başa çatsa da, amma onların hamısı istismardadır və möhkəm özüllər üzərində qurulduqları üçün zəlzələyə də, digər təbii fəlakətlərə də dözümlüdür: “Bakıda inşa edilən “novostroyka”ların hamısı haqqında mənfi fikir bildirmək olmaz. Bu gün həqiqətən də elə “novostroyka”lar var ki, onların möhkəmliyi, zəlzələyə dözümlüyü “Xruşşovka”larla müqayisəyə gəlməz, “Xruşşovka”lar köhnə binalar olmasına baxmayaraq, zəlzələyə daha da dözümlüdür, nəinki bəzi “novostroyka”lar. Vaxtilə “Xruşşovka”lar panellə inşa edilsələr də, çox möhkəmdirlər, panellər bir-birinə elə oturub ki, onun dağılması mümkün deyil. “Xruşşovka”lar, əslində, 30-40 il müddətinə tikilmiş eksperiment binalar idi, amma az qala 50-60 ildir istifadə edilir. Onu da deyim ki, hazırda bir çox brend şirkətlər “novostroyka”ları inşa edərkən bütün tikinti qayda-qanunlarını gözləyirlər və həmin binalar zəlzələyə çox dözümlüdürlər. Bina inşa edilərkən onun inşasında istifadə edilən bütün materiallar ekspertizadan keçirilir və sonra onların istifadəsinə icazə verilir. Əvvəlki dövrlərə baxmayın, bu gün şirkətlər bu məsələyə çox ciddi yanaşırlar. Doğrudur, işinə səhlənkar yanaşan şirkətlər də var. Amma əsasən bu sahədə ciddi rəqabət mühiti formalaşdığı üçün, şirkətlər binaların inşasına ciddi yanaşırlar”.
- Əflan Sadıqov: “Hesab edirəm ki, yeni tikilən “novostroyka”lar daha keyfiyyətli, zəlzələyə daha dözümlüdür “
Tanınmış memar Əflan Sadıqov isə əksini düşünür. O hesab edir ki, bu gün paytaxtımızda inşa edilən “novostroyka”lar zəlzələyə dözümlüdür: “Keçən əsrin 60-cı illərində tikilən binaların konstruksiyası ilə yeni binaların konstruksiyası arasında fərqlər çoxdur. Mümkün ola bilməz ki, “novostroyka”ların konstruksiyası “Xruşşovka”ların konstruksiyasından zəif olsun. Bu yanlış fikirdir. Bu gün inşa edilən çoxmərtəbəli binalar müasir tələbata uyğun şəkildə layihələndirilir və inşa olunur. Hesab edirəm ki, yeni tikilən “novostroyka”lar daha keyfiyyətli, zəlzələyə daha dözümlüdür. Bir mütəxəssis kimi bu mənim qənaətimdir.
İradə SARIYEVA
(Bakı Xəbər)