Bu il iyulun əvvəllərində Füzuli rayonunun Alxanlı kəndinin erməni işğalçı birləşmələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olan 2 yaşlı körpənin-Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət olunub.
Boyukmillet.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu şikayətdə Zəhranın ölümündən sonra onun ailəsinə dövlət tərəfindən vəd olunan evin və digər imtiyazların verilməməsindən bəhs olunur.
İddia edilir ki, Füzuli rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri Qənimət Əliyev Zəhranın atası Elnur Quliyevin savadsızlığından istifadə edərək həmin imtiyazlardan könüllü imtina etdiyi barədə ərizəyə qol çəkdirib.
Yenicag.az-ın bildirdiyinə görə Elnur Quliyev şikayət məsələsini təsdiqləyib, amma bildirib ki, mətbuatı bu işə qatmaq istəmir. “Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”-Alxanlı sakini bildirib.
Virtualaz.org məsələni araşdırmaq üçün Füzuli rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon icra hakimiyyəti başçısının müavini Süleyman Əliyev bildirib ki, saytlarda yazılanlardan xəbərdardır. “Belə şey ola bilməz, bu tam əsassız iddiadır, mən Qənimət Əliyevə tapşırıram, o özü məsələyə aydınlıq gətirəcək”-müavin bunları deyərək dəstəyi İcra Hakimiyyətinin adı hallanan şöbə müdirinə təqdim edib.
Qənimət Əliyev isə bildirib ki, erməni terroruna qurban gedən və bütün dünya ictimaiyyətinin diqqətində olan 2 yaşlı Alxanlı kənd sakininin ailəsinin nədənsə narazı olduğu haqda deyilənlər həqiqətə uyğun deyil.
“Biz o ailə ilə müntəzəm əlaqə saxlayırıq, hadisə baş verən gündən etibarən ailə daim diqqət mərkəzində olub. İstər icra Hakimiyyətinin başçısı, istər mən özüm, digər hakimiyyət orqanlarının nümayəndələrı müntəzəm olaraq ailəyə baş çəkib. Ailəyə hər cür qayğı göstərilib, yardımlar olunub, hansı ki, biz bunlar haqda danışmaq istəmirik. Hazırda Quliyevlər ailəsi Alxanlı kəndində normal şəraitə malik olan 3 otaqlı evdə yaşayır, habelə ailənin kənddə pay torpaqları var. Biz dəfələrlə Quliyevlər ailəsi ilə söhbət etmişik, onların Alxanlı kəndini tərk edib başqa yerdə məskunlaşmaq niyyəti olmayıb. Bu məsələni ailənin adından kim ortaya atıb?”-Q.Əliyev bildirir.
İcra Hakimiyyətinin şöbə müdiri Quliyevlər ailəsinin adından Prezident Administrasiyasına şikayət edildiyini təsdiqləyib, lakin bildirib ki, həmin şikayəti ailə üzvləri yazmayıb.
“Məsələ belədir ki, avqustun 13-də “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin rəhbəri Mətanət Əsgərqızı bu ailəyə baş çəkib. Bilirsiniz ki, hadisə baş verəndən sonra Quliyevlər ailəsinə ictimaiyyətin, beynəlxalq təşkilatların çoxsaylı nümayəndələri baş çəkiblər, erməni vəhşiliyini pisləyərək ailəyə mənəvi dəstək veriblər. Həmin ictimai birliyin rəhbəri də bu məqsədlə ailəyə baş çəkib. Orada onlar nə danışıblar, nədə anlaşıblar, bilmirəm. Amma bu xanım Bakıya qayıdandan sonra Quliyevlər ailəsinin adından şikayət yazıb, ora Elnur Quliyevin telefon nömrəsini də əlavə edib. Yəni bu şikayətə ailə üzvləri imza atmayıb, onu yazan Mətanət Əsgərqızıdır. Mən bir daha bildirirəm ki, biz dəfələrlə Quliyevlər ailəsi ilə görüşmüşük, söhbətləşmişik, onların Alxanlı kəndini tərk edib hansısa başqa yerdə məskunlaşmaq niyyəti yoxdur, olmayıb. Heç biz özümüz də bunu istəmirik. Nəyə görə bu insanlar öz doğma yurdlarından köçüb başqa yerdə məskunlaşmalıdır? Bu, erməni vəhşiliyinə qurban gedən 2 yaşlı körpənin ruhunu incitməzmi? Axı ermənilərin dinc əhaliyə qarşı bu vəhşilikləri etməkdə məqsədləri onları qorxudub öz yurdlarından qaçqın salmaqdır”-Qənimət Əliyev bildirib.
İcra Hakimiyyəti rəsmisi deyir ki, Quliyevlər ailəsinin Bakıda, yaxud hansısa başqa yerdə mənzillə təmin edilməsi barədə heç bir qərar olmayıb. Nəticədə Elnur Quliyevə guya həmin mənzildən imtina barədə ərizə yazdırılmasından da söhbət gedə bilməzdi.
“Ola bilər kimsə onları yönləndirib, yaxud inandırıb ki, şikayət etsə ailəyə Bakıda, yaxud haradasa başqa yerdə əlavə ev verərlər. Hər halda belə niyyət varsa bu, həmin ailəyə yaraşan xüsusiyyət deyil. Əgər o deyirsə ki, Prezident Administrasiyasının qarşısına gedəcək, məsələni həll edəcək, nə deyə bilərik? İşi avand olsun”-Q.Əliyev deyib.
Xatırladaq ki, hadisədən sonra Füzuli rayon icra hakimiyyəti başçısı Alı Alıyev prezident İlham Əliyevin 2 yaşlı Zəhranın və nənəsinin həlak olması ilə bağlı bu ailəyə bütün lazım olan yardımların edilməsi haqda göstərişini aldıqlarını açıqlamışdı. Lakin ailənin əlavə mənzillə təmin olunması barədə hansısa qərara rast gəlinmir.