Cümə , 27 Dekabr 2024
Drone Cameras

Zakir Həsənov Azərbaycan tankları ilə Rusiya çöllərini necə fəth etdi…

Sergey Şoyqu təşkil etdiyi “Tank biatlonu” yarışmasında müdafiə nazirimizi niyə yanında görmək istəyib?

Azərbaycan, Moskva yönlü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv deyil. Bəli. Bunu hamı bilir, necə deyərlər, uşaqdan böyüyə qədər. Kənardan baxsan, deyərsən, rəsmi Bakı qərarını dəyişənə oxşamır. O, torpaqlarımızı qəsb etmiş Ermənistan ilə heç təşkilatda, o cümlədən KTMT çərçivəsində əməkdaşlığa qəti etiraz edir.

Üzdə, hə, bu, belədi. Ancaq son zamanların acı siyasi mənzərəsi, bölgədə yaşanan yeni geosiyasi durum, rəsmi Bakını bu sahədə öz qərarını redaktə etməyə sövq edir.

***

Rusiya Baş Ordu Qərargahını tam məxfi gizli hərbi xəritəsi var. Bu xəritə üzərində bir çox ölkələrin, o cümlədən Azərbaycanın bütün hərbi-siyasi gücü bitdə-bitdə, son əsgərinə qədər dəqiq göstərilir. Xəritədə ordumuzun dəqiq sayı, hərbi imkanları, rezervləri, müdafiə xətləri, səfərbərlik imkanları, qoşun növləri, habelə digər məsələlər bütün çılpaqlığı ilə sanki ovuc içindədir.

Sergey Şoyqu, bir gün əlində çubuq bu xəritə üzərində qəddini çox əyib düzəldir. Axır qərara gəlir, bu dünyada təkcə əcələ çarə yoxdu. Azərbaycan ilə Rusiya hərbi sahədəki ziddiyyətlərini həll edə bilərlər. Mütləq vacib deyil ki, Azərbaycan məhz gəlib KTMT-nın üzvü olsun. Bu, tezdi hələ. Hələlik Azərbaycan ilə hərbi əməkdaşlığı bir başqa sınaq meydançasında – tutaq ki, hər il Rusiya hərbi poliqonlarında keçirilən “Tank biatlonu”nda təcrübədən keçirsək pis olmaz.

***

Sergey Şoyqu çox arzulayıb ki, Azərbaycan müdafiə naziri hərbi təlimlər zamanı onunla yan-yana dayansın. Əlindəki binokldan biatlonu seyr edib, təlim meydançasında Azərbaycan bayrağını güdüb aşkarlasın.

Herbi telim (2).jpg (146 KB)

Məsələnin bu cür assimetrik həlli deyəsən hamını, xüsusən “Tank biatlonu” yarışını öz doğmaca balası bilən Şoyqunu sevindirir. Necə də sevinməsin? Əvvəllər Bakı, KTMT barədə öz mövqeyini, misal üçün, bax, bu cür ifadə edir; Moskvaya hərbi əməkdaşlıq üçün iynə ucu qədər ümid belə vermirdi: “Rəsmi Moskva son zamanlar Ukrayna, Azərbaycan, Moldova, Gürcüstanın da bu blokda təmsil olunmasına çalışır. Lakin adı çəkilən hər bir ölkənin bloka qoşulmamasının öz səbəbi mövcuddur. Azərbaycan Respublikasını KTMT-yə qoşmaq istiqamətində göstərilən sonuncu cəhd 2004-cü ilin payızında – MDB dövlət başçılarının Astanada keçirilən sammitində baş vermişdir. Lakin rəsmi Bakı Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə və ölkənin pozulmuş ərazi bütövlüyü bərpa olunmayana qədər özünün regional təhlükəsizlik məsələləri ilə bağlı mövqeyində hər hansı dəyişiklik etməyə, hansısa hərbi bloka qoşulmağa heç bir əsas olmadığını bəyan edərək, KTMT-yə qoşulmaqdan imtina etmişdir” (Dövrü mətbuatdan).

Ancaq bayaq yuxarıda dediyim kimi, canlı həyat, donmuş aysberq parçası deyil. Xüsusən, Rusiya ilə Azərbaycan arasındakı hərbi təhlükəsizlik mövzusu. Zaman indi özü bu sahədəki çopur daşları yonub hamarlayır. Hərbi əməkdaşlığımıza daha münasib sahələri bir-bir diqqətimizə çatdırır. 2012-ci ildə Sergey Şoyqu Rusiya müdafiə naziri vəzifəsinə gətirildikdən sonra aramızdakı buzlu aysberqlərin sayı xeyli azalıb.

Misal üçün, biz bu ildən etibarən Sergey Şoyqunun şəxsi səyi ilə yaradılmış beynəlxalq “Tank biatlonu” yarışmalarında iştirakçı tərəfik.

***

DOSYE: Tank biatlonu. Beynəlxalq tank yarışmalarını nəzərdə tutur. Müsabiqə iştirakçıları yarış zamanı öz tanklarının atəş imkanlarını, sürətini, manevrlərini sınaqdan çıxarıb birinci yer uğrunda gərgin mübarizə aparırlar. İdeyanın müəllifi S.K. Şoyqudur.

İlk sınaqlar 17 avqust 2013-cü ildə Rusiya, Ermənistan, Belorus, Qazaxıstan tank heyətləri arasında, Moskva ətrafı Alabina qəsəbəsində baş tutub. Qaliblər – rus tankçıları, mükafat olaraq “VAZ”, “LADA” avtomobillərinə layiq görülüblər. İkinci yeri qazanmış Qazaxıstan hərbiçiləri yalnız “LADA” avtomilləri ilə kifayətlənməli olublar. Dördüncü yeri qazanmış beloruslara kvadrosikl nəqliyyat vasitələri hədiyyə edilib. Üçüncü yeri qazanmış Ermənistan komandasının qazancı isə, qəribədir, sənədlərdə göstərilmir.

Herbi telim (1).jpg (8 KB)

Demirəm, ermənilər susuz gəlib, susuz da gediblər bu yarışmadan. Yox. Ancaq Rusiya, Qazaxıstan, Belorus tankçıları ilə müqayisədə qazancları görünür çox gülməli olub ermənilərin. Nəticədə mətbuat qərar verib erməni mükafatları barədə ağzına su alıb sussun.

Növbəti 2014-cü il yarışlarına 44 ölkədən qonaq dəvət olunsa da, tədbirə ancaq 12 ölkə öz razılığını verir. 
Bu dəfə yarışlara Rusiya, Belorus, Qazaxıstan, Ermənistandan əlavə Kuveyt, Anqola, Venesuela, Serbiya, Hindistan, Çin, Monqolustan, İran kimi ölkələr də qatılır. Birinci yeri təbii Rusiya qazanır, ikinci yeri Ermənistan, üçüncünü Qazaxıstan. Yarışın tərkib hissələri bunlar olub: 1.Uzun, qısa məsafələrə yürüş. 2.Quru və su maneələrinin, mina sahələrinin dəf olunması. 3. 900-2200 metr aralı məsafədə yerləşən hərbi hədəflərin vurulması və s.

2015-ci il yarışmalarında iştirakçıların siyahısı eyni qalır. Birinci yer düşür rusların payına. İkinci pilləyə Çin tank heyətləri qalxır. Üçüncü yeri Serbiya tankçıları qamarlayırlar.

2016-cı ildə yarışın statusu, iştirakçıları Azərbaycan, İran, Zimbabve, Misir və s. ölkələrin hesabına xeyli artır. Bizim 3 tank heyətimiz, uzun-qısa məsafələrdə 10-cu, 22-ci, 25-ci yerləri tutub ermənilərdən 2 dəqiqə 10 saniyə yaxşı vaxt göstərici sərgiləyirlər. “İndividual yürüş” sahəsində biz ermənilərdən yalnız bir pillə geridə qalıb 7-ci yerə layiq görülürük.

***

2017-ci ilin avqust yarışları bizim tank heyətləri üçün daha uğurlu olur. Biz, individual yürüşdə 16, 17, 22-ci yerləri qazanıb ermənilərdən xeyli irəli sıçrayırıq. 30-32-ci yerləri qazanan ermənilər qalırlar dirsəklərini yeyə-yeyə.
Komanda yürüşündə Azərbaycan 6-cı pilləyə qalxıb, 11-ci yerdə ilişib qalmış erməniləri əsəbləşdirib lap cin atına mindirir.
Yarımfinalda biz 5-ci yerə sıçrayırıq. Ermənilər isə 10-cu yerə enirlər. Zaman hesabı ilə biz erməniləri 1 dəqiqədən çox uduruq.

Herbi telim (3).jpg (182 KB)

Yarış zamanı Küveyt tank heyəti özünü lap biabır edib. İş o yerə gəlib çatıb ki, küveytliləri məcbur qalıb yarışdan kənarlaşdırıblar.

***

Rusiya hərbi-siyasi mətbuatı Azərbaycan müdafiə naziri Zakir Həsənovun yarışlardakı iştirakını xüsusi olaraq qeyd edib. Nazirimizin tankçı olduğunu, hərbi döyüş maşınlarından peşəkarcasına istifadə etdiyini xüsusi işarə ilə vurğulayıb. “Qırmızı ulduz” qəzetinin hərbi müxbiri nazirimizlə söhbətini belə təsvir edib:

“Azərbaycan müdafiə naziri Zakir Həsənov qəzetimizə verdiyi müsahibə ”Tank biatlonu” beynəlxalq yarışmasını yüksək qiymətləndirib. Qeyd edib: Oxşar müsbət nəticələr Azərbaycanda keçirilən “Dəniz kuboku” müsabiqəsində də təkrarlanıb deyə gələcəyə nikbin baxıram.

Herbi telim (4).jpg (139 KB)

“Tank biatlonu” zamanı bizimkilər 24 hədəfdən 20-sini vurub. Həm də yaxşı surət göstəriciləri nümayiş etdiriblər. Özüm tankçıyam. Bilirəm bu cür müsbət göstəricilər hansı qan-tər nəticəsində əldə edilir. Düzdü, yarış bizim bəzi nöqsanlarımızı da üzə çıxarıb. İndi çalışmalıyıq ki, bu nöqsanları aradan qaldıraq.

Rusiya-Azərbaycan arasındakı hərbi əməkdaşlığı yüksək dəyərləndirən nazir deyib ki, indi Rusiya hərbi məktəblərində çox sayda Azərbaycan zabit və kursantı təhsil alır: “Əməkdaşlığımızın digər sahəsi birgə hərbi təlimlər və hərbi hazırlıqdı”.
Sonra nazir yarış qaliblərinə qiymətli hədiyyələr bağışlayıb”.

Herbi telim (6).jpg (102 KB)

***

XÜSUSİ QEYD: İştirakçılar arasında qadınlar da az deyildi. Yarışa qatılmış ən gözəl, peşəkar qadın zabitləri Rusiya müdafiə nazirinin müavini Tatyana Şevsova mükafatlandırıb. Birinci, ikinci, üçüncü yerləri burda öz aralarında çiyni poqonlu İsrail, Rusiya, Nikaraqua gözəlləri bölüşüb.

Gələn il bu qızların siyahısında biz öz hərbiçi qadınlarımızı da görmək istərdik.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir