Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Laçın şəhərlərində layihələrin icrası ilə tanış olublar.
Boyukmillet.com xəbər verir ki, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində keçirilən təqdimatda Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən və planlaşdırılan işlər müzakirə olunub. Bildirilib ki, şəhər işğaldan azad edildikdən az sonra “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup su mənbələrinin, magistral xətlərin, anbarların və paylayıcı şəbəkələrin vəziyyətini araşdırıb. Şəhərin əsas su mənbəyi olan Kiçik-Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub, bərpa işləri aparılaraq şəhərə suyun verilişi təmin edilib.
2021-ci ildə Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi polad borularla yenilənib. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınaraq alternativ mənbə yaradılmasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd, nasos stansiyası və 2,6 km uzunluğunda yeni kəmər inşa edilib. 2022-ci ilin dekabrında mənbədən şəhərə su verilib. Hazırda şəhərin relyef baxımından hündür nöqtələrində mərkəzi su anbarlarının tikintisi davam etdirilir. Növbəti mərhələdə şəhərdaxili su, kanalizasiya və yağış suları şəbəkələri, içməli və tullantı sutəmizləyici qurğular, nasos stansiyası inşa ediləcək.
Laçın şəhərində işlərin gedişi ilə tanış olan Z.Mikayılova bildirilib ki, layihə perspektiv inkişaf nəzərə alınmaqla 18 min nəfərin içməli su-kanalizasiya xidmətlərindən istifadəsinə hesablanıb. Şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi ərazisində 6 subartezian quyusu bərpa edilir, quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunur. Su mənbəyindən 426-114 mm diametrli polad borularla 10 kilometr uzunluğunda yüksək təzyiqli magistral su kəmərinin, nasos stansiyasının, ümumi tutumu 4 min kubmetrlik 9 anbarın tikintisi və bərpası davam etdirilir. İndiyə qədər inşası planlaşdırılan 58 kilometr içməli su və 49 kilometr tullantı su şəbəkəsinin böyük hissəsinin tikintisi yekunlaşıb.
Z.Mikayılov Zarıslı çayı üzərində tikilmiş sutoplayıcı bəndə, Həkəri çayı üzərində sugötürücü qurğuya, həmçinin Şuşa və Laçın şəhərlərində tikinti sahələrinə baş çəkərək layihələrin icra vəziyyəti ilə yerində tanış olub, müvafiq tapşırıqlar verib.