Bazar , 5 Yanvar 2025
Drone Cameras

Zelenski: “Rusiya qazının tranzitinin dayandırılması Putinin məğlubiyyətdir”

Zaxarova baş verənlərə görə ABŞ-ni günahlandırıb

Rusiyanın “Qazprom” şirkəti Avropaya Ukrayna üzərindən qaz nəqlini dayandırıb. Xəbəri “Azadlıq” radiosu yayıb.

Bildirilir ki, bu qərar Ukraynanın qaz tranzitiylə bağlı müqaviləni uzatmaqdan imtina etməsindən sonra verilib. 

Bunun Rusiya qazından asılılığını illərdir ki, azaldan bir çox Avropa ölkəsində hər hansı fəsada yol açmayacağı da bildirilir. 

Xəbərdə qeyd olunur ki, Slovakiya, Macarıstan, Avstriya və bir neçə Balkan ölkəsi, nisbətən az həcmdə olsa da, Rusiya qazını almağa davam edirdi. 

Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində hadisəyə reaksiya verib. 

O qeyd edib ki, Ukrayna ərazisiylə Rusiyadan Avropaya axıdılan təbii qaz tədarükünə son qoyulması Rusiya Prezidenti Vladimir Putinin önəmli məğlubiyyətidir: 

“Putin 25 il öncə hakimiyyətə gələrkən Rusiya Avropaya 130 milyard kubmetrdən çox qaz göndərirdi. İndi bu, sıfıra bərabərdir. Enerji təchizatını silaha çevirəndən və tərəfdaşlarını şantaj edəndən bəri Moskva ən gəlirli və coğrafi baxımdan əlçatan bazarlarından birini itirdi”.

Məlumata görə, qaz tranziti haqqından imtina Ukraynaya ildə 800 milyon dollara başa gələcək. 

Rusiya isə ildə 5 milyard dollarlıq satışlardan məhrum olacaq.

Kremlin rəsmisi Mariya Zaxarova Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasına görə ABŞ-ni ittiham edib. 

O bildirib ki, köhnə qitənin enerji bazarının yenidən bölüşdürülməsinin əsas benefisiarı və Ukrayna böhranının əsas sponsoru ABŞ-dir: 

“Onun yırtıcı strategiyasının ilk qurbanı artıq Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniya olub, hansı ki “Şimal axını” və “Şimal axını 2” qaz boru kəmərlərinin partlamasından sonra təbii qazı xeyli yüksək qiymətlərlə almaq və bir sıra ən böyük sənayelərini ixtisar etmək məcburiyyətində qalıb. İndi əvvəllər iqtisadi cəhətdən uğurlu və müstəqil Avropa İttifaqının digər ölkələri Amerikanın himayəsinə görə öz qiymətini ödəməli olacaqlar”.

Moldova ərazisindəki və Rusiya qazıyla işləyən böyük elektrik stansiyası riskli durumda qalıb. 

Rusiya-Ukrayna müqaviləsinin müddəti bitdiyindən ötən ay ölkə rəhbərliyi fövqəladə vəziyyət elan edib.

Dnestryanı Regional Elektrik Stansiyasının xəstəxanaları saxlasa da, yaşayış evləri və inzibati binaların mərkəzi istilik sistemini və isti su təchizatını dayandırdığı bildirilir. 

Bölgə sakinlərinə odun və kömür almağa, meşələrdən ağac kötüklərini, qurumuş budaqları şəxsi istifadə üçün yığmağa icazə verilib.

Hələlik sakinlər elektrik stansiyasından gələn enerjidən yararlanırlar. Ancaq bunun nə qədər sürəcəyi bilinmir. 

Separatçı bölgənin başçıları deyirlər ki, kömür tədarükündən asılı olaraq, müəssisə hələ 50 günədək işləyə biləcək. 

Rəsmi Kişinyovun bilgisinə görə, bu müddət 20 günü keçməyəcək.

Check Also

Tbilisidə etiraz aksiyalarında iştirak edən 25 əcnəbi vətəndaş ölkədən deportasiya edilib

Bu barədə Gürcüstan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.Məlumata görə, əcnəbi vətəndaşların bir qismi …