Bazar ertəsi , 3 Mart 2025
Drone Cameras

Zelenski və Tramp mübahisə etdi, Ukrayna Prezidenti Ağ Evi tərk etdi

Tramp deyir ki, Zelenski sülh istəmir, Zelenski isə bunun əksini deyir

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Vitse-prezident Ceyms Devid Venslə mübahisə edib.

Zelenski nadir torpaq metalları sazişini imzalamaq üçün fevralın 28-də Vaşinqtona gəlib. Lakin mətbuat konfransı zamanı o, ABŞ-nin Rusiya ilə diplomatik əlaqələr qurmaq siyasətini tənqid edib. Buna cavab olaraq Tramp Zelenskini Ukraynaya maliyyə dəstəyi və silah tədarükünə görə hörmətsizlikdə və kifayət qədər minnətdar olmamaqda ittiham edib. Trampla mübahisədən sonra Zelenski Ağ Evi erkən tərk edib. Daha sonra baş tutmalı olan müqavilənin imzalanması ləğv edilib.

Tramp bəyanat yayaraq, Zelenskini hörmətsizlikdə ittiham edib. Sonra da jurnalistlərə müsahibəsində deyib ki, Zelenski sülh istəmir.

“O, döyüşmək, döyüşmək, mübarizə aparmaq istəyir. Biz isə ölümləri dayandırmaq istəyirik”, – Tramp deyib.

Zelenski Ağ Evdəki mübahisədın sonra “Fox News”-a müsahibə verib.

“ABŞ-ın davamlı dəstəyi olmasaydı, bizim üçün çətin olardı, ona görə buradayam. Ruslar evlərimizə girib bizi öldürdülər. Siz bunu unudub Putinin əla oğlan olduğunu deyə bilməzsiniz. Biz təhlükəsizlik zəmanətimiz olduqda Rusiya ilə diplomatiyaya açıq olacağıq. Mən ukraynalıların ruslara münasibətini dəyişə bilmərəm – onlar bizi öldürürlər. ABŞ bizim dostumuzdur, avropalılar dostumuzdur, Rusiya bizim düşmənimizdir. Biz sülh istəyirik. Müharibəni bizdən çox heç kim bitirmək istəmir. Putini dayandırmaq üçün ABŞ ilə eyni tərəfdə olmalıyıq. Mən Amerika xalqına, Prezident Trampa və Konqresdəki dəstəyə görə çox minnətdaram və həmişə minnətdar olmuşam, sağ qalmağımıza kömək etdiniz. Mübahisə planlaşdırılıbmı, bilmirəm. Məncə, pis bir şey etməmişik. Mən hər zaman mediaya açığam, amma bəzi şeylər bağlı qapılar arxasında qalmalıdır. Tramp dedi ki, o, ortada olmaq istəyir, mən də onun bizim tərəfimizdə olmasını istəyirəm. Mən ABŞ-dakı tərəfdaşların dəstəyini itirmək istəməzdim”, – Zelenski deyib.

Ukrayna və ABŞ Prezidentləri arasında Ağ Evdəki mübahisədən sonra dünya liderləri Zelenskiyə dəstəklərini ifadə ediblər.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.

Check Also

Makron Ukrayna ilə bağlı Paris – London planının təfərrüatlarını açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron “Le Figaro” nəşrinə müsahibəsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə …