Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Əfv sərəncamı yeni siyasi münasibətlər sisteminin inkişafına töhfədir” – Rufiz Qonaqov

“Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı ən böyük hümanitar aktdır. 2003-cü ildən bu günə qədər cənab Prezident 36 əfv sərəncamı imzalayıb və minlərlə məhkum bu illər ərzində azadlığa qovuşub. Xeyli sayda məhkumun cəzasının çəkilməmiş hissəsi ləğv edilib. Eyni zamanda, ömürlük həbs edilmiş şəxslərin cəzası yüngülləşdirilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həm Milli Məclisə amnistiya aktları ilə bağlı müraciətlərinin, həm də əfv sərəncamlarının mövqeyindən asılı olmayaraq məhkumlara şamil edildiyini nəzərə alsaq, siyasi birliyin və həmrəyliyin bərqərar edilməsi baxımından hümanist bir addımdır”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, dünən 625 məhkuma şamil edilən növbəti əfv sərəncamı çox mühüm bir addımdır:

“Hər il iki dəfə belə hümanist addımın şahidi oluruq. Sərəncamın şamil ediliyi 625 nəfərin içində 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edildi, 98 nəfərin cəzası yarıya qədər azaldıldı, 3 nəfərin ömürlük cəzası 25 ilə endirildi. Əfv siyahısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan 5 siyasi fəalın adının olması, 40 nəfərə qədər Nardaran hadisələri, “Gəncə işi” ilə bağlı həbs olunmuş şəxslərin bağışlanması, azadlığa çıxması və onların cəzalarının yüngülləşdirilməsi bir daha ölkəmizdə siyasi həmrəyliyin təzahürüdür. Siyasi münasibətlər sisteminin inkişafının göstəricisidir. Cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva fəaliyyətində hər zaman hümanizm prinsiplər əsas yer tutub. Biz böyük adət-ənənəsi olan bir xalqıq. Novruz Bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən belə bir hümanist addımın atılması olduqca mühüm bir hadisədir. Həmin məhkumlar, onların ailələri, eləcə də cəmiyyət üçün bu çox mühüm mesajdır. Hesab edirəm ki, əfv sərəncamında adları olanlar da bu addımı yüksək qiymətləndirir və bundan sonrakı həyatlarında dövlətimizin, Prezidentimizin hümanist addımını düzgün dəyərləndirəcəklər”.

R.Qonaqov əlavə edib ki, əfv sərəncamı eyni zamanda yeni siyasi münasibətlər sisteminin daha da inkişafına töhfədir:

“Təbii ki, müxtəlif formatlarda Əfv Komissiyası da çoxsaylı iclaslar keçirib. O iclaslarda bütün adlara diqqətlə baxılıb. Düşünürəm ki, bundan sonra da ölkəmizdə bu kimi sərəncamların davamı olacaq. Çünki Prezident hər zaman hümanizm prinsiplərindən çıxış edir. Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı bir daha onu göstərdi ki, Prezident İlham Əliyev siyasi dialoqun, həmrəyliyin, yeni siyasi münasibətlər sisteminin daha da inkişaf etməsində maraqlıdır. Əfv olunan məhkumların, onların ailələrini ürəkdən təbrik edirəm”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …