Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ torpağı artıq işğaldan azad edilib. Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən torpaqlarda infrastrukturun qurulması, bərpa-quruculuq işlərinin aparılması istiqamətində prosesə artıq start verilib. Bu işlərin vahid konsepsiya əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 16-da keçirilən plenar iclasında deyib.
Baş nazir bildirib ki, ərazilərin yenidən qurulması üçün dövlət büdcəsindən 2,2 milyard manat maliyyə vəsait ayrılıb. İlkin mərhələdə ərazilərin minalardan təmizlənməsi böyük əhəmiyyət kəsb edir.
Azğın düşmənin münaqişə zonasından kənarda yerləşən şəhər və kəndlərimizə də xeyli ziyan vurduğunu deyən Əli Əsədov diqqətə çatdırıb ki, mülki əhaliyə, dövlət əmlakına dəyən ziyanın aradan qaldırılması və tikinti işlərinin aparılması üçün lazımi işlər görülür.
“Azərbaycanı Naxçıvanla birləşdirəcək yol ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayacaq, ölkəmizin gücü daha da artacaq”, – deyə Baş nazir vurğulayıb.