Baş Prokurorluq Milli Şuranın oktyabrın 19-da keçirilən mitinqi ilə bağlı açıqlama yayıb.
Açıqlamanı olduğu kimi təqdim edirik:
“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, eləcə də özünü AXCP-nin sədri kimi təqdim edən Kərimli Əli Əmirhüseyn oğlunun özünə aid “facebook” səhifəsində oktyabrın 19-da keçirdikləri qanunsuz mitinq zamanı polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsi barədə paylaşılmış məlumatlar və ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin qarşısı alınarkən hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərilməsinə dair xüsusatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.
Belə ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabrın 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub.
Oktyabrın 19-da Milli Şura adlandırılan qurumun üzvləri, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər və digər destruktiv qruplar paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış, qanunsuz kütləvi aksiya keçiriləcəyi təqdirdə qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlığından nəticə çıxarmayaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə zidd olaraq, Bakı Metropoliteninin “28 May” stansiyasının ətrafında razılaşdırılmamış mitinq keçirməyə və ictimai asayişi pozmağa cəhd göstəriblər.
Paytaxtın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həmin qanunazidd hərəkətlərin qarşısı alınıb, toplantıların təşkili və keçirilməsi qaydasının tələblərini pozduqlarına görə 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qanunsuz aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə doğru irəliləyib açıq çağırışlar etdiyindən onun ictimai qaydanı qəsdən pozmaq cəhdinin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərinin qarşısını almaq və inzibati məsuliyyətə cəlb etmək məqsədilə ərazidə xidmət edən polis əməkdaşları onu xidməti avtobusa mindirib. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək, onların ünvanına nalayiq söyüşlər işlədib, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib, müqavimətini davam etdirib polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provakasiyaya cəhd edərək baş nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb.
Bundan sonra barəsində qanunamüvafıq tədbir görülməsi üçün Xətai Rayon Polis İdarəsinə gətirilmiş Əli Kərimliyə dərhal ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib və baş nahiyəsində olan xəsarətin xarakterinə və lokalizasiyasına görə polis əməkdaşlarına müqavimət göstərərkən özü tərəfindən avtobusun dəmir barmaqlıqlı qapısına vurması nəticəsində törənməsi ekspertiza rəyində öz əksini tapıb. Daha sonra Əli Kərimli DİN-in hospitalında müayinədən keçirilib və nəticədə heç bir patoloji hal aşkar edilmədiyindən ona xəbərdarlıq elan edilərək evinə buraxılıb.
Həmçinin Əli Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşları məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib.
Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış və qanunsuz təşkil edilmiş kütləvi aksiyanın qarşısı alınarkən polis əməkdaşları tərəfindən güc tətbiq edilməsi barədə paylaşılmış məlumatlar tamamilə əsassız olmaqla Baş Prokurorluq tərəfindən təkzib olunur.
Belə ki, qanunverciliyin müəyyən etdiyi hədlərdə və vasitələrlə fiziki qüvvə tətbiqi polis əməkdaşlarının qanuni tələblərini icra etməyən inzibati xəta və ya cinayət törətmiş şəxslərin tutulması, eləcə də hüquqpozmaların törədilməsi zamanı onlara qarşı güc işlədilməsi hallarında nəzərdə tutulub. Məlum qanunsuz təşkil edilmiş aksiyanın qarşısının alınması zamanı polis əməkdaşları tərəfindən həmin qanunvericiliyin pozulması hallarına yol verilmədiyi və ümumiyyətlə hər hansı xüsusi vasitələrdən istifadə edilmədiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verilməyib”.