Hansı şəxs əzizinin yas mərasimini siyasi avantüra vasitəsinə çevirmək istəyənləri bu mərasimdə görmək istəyər
AXCP sədri Əli Kərimli növbəti dəfə anlaşılmayan və qeyri-səmimi fikirlərlə dolu bir status yazıb. O hərbçilərin yası zamanı onun və ya hansısa müxalif dəstəni yas mərasimlərində əngəllənməsini iddia edərək sərt ifadələr işlədib.
Əvvəla normal müxalifət partiyası və ya partiya rəhbərindən fərqli olaraq AXCP, Əli Kərimli nəinki hansısa hərbçinin yas mərasimində, ümumxalq hüzn günlərində belə, bundan özünə siyasi divident qazanmağa çalışır, hüzn mərasimlərini siyasi şoulara çevirir. Bunun özü müzakirə mövzusu olmalıdır ki, yasa başsağlığı verməyə gələn adam niyə bu cür məkanları, mərasimləri siyasi maraqlar üçün istifadə etməlidir? Dəfələrlə olub ki, məhz AXCP sədrinin kütləvi tədbirlərdə iştirakı ciddi qalmaqallar, arzuolunmaz hadisələr, yersiz şüar və çağırışlarla müşayiət olunub. Hətta Şəhidlər xiyabanını ziyarət və digər yürüşlər zamanı sükut əvəzinə hakimiyyət əleyhinə şüarlar səsləndirən cəbhəçiləri, 100 nəfərlik kütləni belə idarə edə bilməyən biri bu gün mərasimlərdən uzaq qalmasından gileylənməməlidir… Dəfələrlə olub ki, Əli Kərimli bu cür tədbirdən, insanların kütləvi şəkildə marağına səbəb olan hansısa mərasim və ya yığıncaqlardan əvvəl siyasi şou təşkil edib, yersiz olaraq məsələləri, hadisələri mümkün qədər siyasiləşdirməyə, bundan ictimai narazılıq formalaşdırmağa çalışıb.
Hətta qısa bir xatırlatma edək ki, 2016-cı ilin aprel hadisələri dövründə bütün xalq tarixi qələbə əhval ruhiyyəsində olduğu halda, Əli Kərimli məsələnin mahiyyətini təhrif etdi, ordumuza qarşı kampaniya təşkil etməyə çalışdı. Həmin hadisələrlə bağlı dəfn mərasiminə başının dəstəsi ilə gəldi bütün yol boyu müxtəlif KİV-lərə müsahibələr verdi. Dəfn, yas mərasimində iştirak edən şəxs belə cılız hərəkətlərə yol verirsə, onun orada olması arzuolunandırmı?
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil.
Sosial şəbəkələr üzərindən özünü qəhrəman kimi göstərən biri əslində bu cür hüznlü hadisələr, mərasimlər zamanı gedib hamı kimi sakit şəkildə ziyarətini edib geri dönərdi. Amma yuxarıda da qeyd etdiyimiz kimi məsələlərin mahiyyətini dəyişmək, yersiz şəkildə şişirdib qalmaqallar yaratmaq və digər məqsədlər üçün yolüstü hər cürə anormallıqlara əl atırlar. Hətta mərasimlərdən sonra da jurnalistlərə açıqlamalar verməklə gündəmdə qalmağa çalışan Əli Kərimlinin məhkəmələrə baş çəkməsi və məhkəmədən sonra oxşar davranışları sərgiləməsinin dəfələrlə şahidi olmuşuq. Yəni, bu adamın digər kütləvi tədbirlərə də münasibəti eynidir. Bu insan istənilən məsələnin mahiyyətini öz maraqlarına uyğun istiqamətləndirməyə və maksimum yararlanmağa çalışır. Elə ona görə də normal müxalifət kimi fəaliyyət göstərmədikləri üçün cəmiyyətimizdə normal qəbul edilmirlər. Hətta getmək istədikləri ünvanlarda belə onları arzuolunmaz şəxslər kimi qarşılayırlar ki, bu da başadüşüləndir. Hansı şəxs əzizinin yas mərasimini siyasi avantüra vasitəsinə çevirmək istəyənləri bu mərasimdə görmək istəyər. Buna görə də mərasim sahibləri Kərimlini görmək istəmirlər, hətta öz fikirlərini aydın şəkildə ifadə edirlər.
Çünki bir daha qeyd edirik ki, radikallar heç bir fəaliyyət və davranışlarında səmimi deyillər və şəxsən Əli Kərimli adi məişət problemindən tutmuş xalqı üzən hansısa faciəmizə qədər baş verən bütün olaylarda siyasi divident qazanmağa çalışır…
Son olaylar zamanı sosial şəbəkələrdə durmadan yersiz və anormal paylaşımlar edən Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil…
Qısası bu gün Əli Kərimlinin hakimiyyətə və dövlətə qarşı nifrəti elə yüksək səviyyəyə çatıb ki, o, artıq nə etdiyinin və nə dediyinin fərqində deyil. Amma bu xalq, cəmiyyət Əli Kərimlini 90-cı illərdən tanıyır, öz rəhbəri olmuş Əbülfəz Elçibəyə belə nifrətini gizlətməyərək xəyanət edən, əleyhinə aşağılayıcı yazılar yazdıran birinin öz dövlətinə, xalqına aqressiyasını gizlətməməsi təbii haldır.