“Bu gün ölkəmizdə görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Və bu xalqımız tərəfindən alqışlanır, çünki dünyanı bürüyən siyasi və iqtisadi böhrandan yalnız inkişaf yolu ilə çıxmaq olar. Mən təəssüf edirəm ki, özlərini müxalifət lideri adlandıran bəzi siyasətbazlar hələ də öz ucuz təfəkkürlərinə əsaslanaraq, meydan siyasəti ilə məşğul olurlar”. Bu fikirləri “SƏS”-ə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva AXCP sədri Ə.Kərimlinin əsassız iddialırına münasibətini bildirərkən deyib.
YAP təmsilçisi bildirib ki, əslində, Ə.Kərimlinin xəyanətkar və anti-azərbaycançılıq obrazı hər kəsə məlumdur: “Azərbaycan dövləti ölkəmizin güclənməsinə səbəb olacaq istənilən uğurlu addıma gedərkən, AXCP sədri və onun əlaltıları dərhal ortaya çıxıb səs-küy qaldırır, bu vasitə ilə xarici ağalarının qarşısında xal toplamağa çalışırlar. Görünür, bu səbəbdəndir ki, son vaxtlar xarici səfirliklərin qapılarına getməkdən ayaqları döyənək olan Ə.Kərimli indi bunun əvəzini xalqdan, dövlətdən çıxmağa çalışır”.
Mehriban Abasquliyeva, eyni zamanda, bildirib ki, Ə.Kərimli hər zaman – istər seçkilər ərəfəsində, istərsə də ölkəmiz üçün digər əhəmiyyətli zamanlarda şər qüvvə qismində çıxış edir: “Bu adam öz dili ilə etiraf etmişdi ki, hakimiyyətə yiyələnməkdən ötrü, hətta şeytanla olsa belə iş birliyinə gedər”.
M.Abasquliyeva, eyni zamanda, qeyd edib ki, bu gün ona təlimatları da, məhz Azərbaycan əleyhinə işləyən qaranlıq xarici dairələr verirlər: “Ümumiyyətlə, daim bu halı müşahidə etmişik. Ona görə də, ortada təəccüblü nə isə axtarmağa da ehtiyac qalmır. Ə.Kərimli vaxtilə lideri Əbülfəz Elçibəyə xəyanət etmiş bir xəyanətkardır, ondan istənilən amilə və kəslərə qarşı, eləcə də, dövlət maraqlarına qarşı xəyanət etməyini gözləməyə dəyər. AXCP sədri gah bir, gah da digər xarici səfirliklərin qarşısına gedib təlimatlar almaqdansa, bugünə qədər buraxdığı səhvlərini etiraf etməlidir. Mitinqlərinə gələn 300-500 nəfərin deyil, xalq qarşısına çıxıb nəinki üzr isməli, onun Azərbaycanda qalmağa haqqı belə yoxdur”.
YAP Sabunçu rayon təşkilatının sədri son olaraq bildirib ki, artıq radikalizm, dağıdıcılıq siyasəti heç vaxt Azərbaycanda ayaq açıb yürüyə bilməz, çünki ölkəmizdə xalq-dövlət vəhdəti mövcuddur: “Bu gün Azərbaycan xalqının Prezidenti İlham Əliyev yalnız dövlətin güclənməsi və xalqının daha firavan yaşaması üçün əlindən gələni əsirgəmir. O, yorulmadan, gecə-gündüz xalqını və dövlətinin gələcəyini düşünür, bunun üçün yorulmadan fəaliyyət göstərir. Əlbəttə ki, xalqımız da bunu bilir və hər zaman öz Prezidentinin ətrafında dayandığını sərgiləyir. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, Ə.Kərimli kimi bitmiş siyasətbazların sonu çatıb və gec-tez belələri dövlət, qanun və xalq qarşısında cavab verməli olacaqlar. Onların və havadarlarının qaranlıq planları isə daim məhvə düçar olacaq. Buna hər kəs əmin olmalıdır”.