Cümə , 19 Aprel 2024
Drone Cameras

Sosial-iqtisadi inkişafla yanaşı, bütün sahələr üzrə təhlükəsizliyin təmin edildiyi, insan kapitalının formalaşdırıldığı məkan

Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının sürətli və hərtərəfli yüksəlişi Azərbaycan Respublikasının müstəqillik tarixinin ən böyük nailiyyətlərindən biridir. Buna ulu öndər Heydər Əliyevin siyasətinə dərin sədaqət, böyük əzmkarlıq, gərgin, ardıcıl və səmərəli fəaliyyətin nəticəsində nail olunub. İqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu bir şəraitdə mövcud istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işlərinin görülməsi, sosial problemlərin səmərəli həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində atılan addımlar isə yurda bağlılığın, Vətənə, dövlətə, xalqa sevginin misilsiz nümunəsidir.

Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcək

Sevindirici haldır ki, Naxçıvanın inkişafı, yüksəlişi və təhlükəsizliyinin təmini istiqamətində görülən işlər davamlı xarakter alıb. Məhz bunun nəticəsidir ki, bu gün muxtar respublika sakinləri blokadanın yaratdığı çətinlikləri real həyatlarında hiss etmirlər. Uzun illərdən bəri Naxçıvanın ölkəmizin əsas hissəsi ilə nəqliyyat əlaqələrinin kəsilməsi fonunda bu sahədə həyata keçirilən kompleks tədbirlər insanların rahatlığının təmininə hesablanmış mühüm dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası isə artan yük və sərnişin tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcək.

Avqustun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında görülən işlərlə maraqlanıblar.

Ali Məclisin Sədri uçuş-enmə zolağının inşasında əməyi olanlara təşəkkürünü bildirib, keyfiyyətin bundan sonra da diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

Qeyd etdiyimiz kimi, blokada vəziyyətində olan Naxçıvanın hava nəqliyyatı əlaqələrinin etibarlı təmini mühüm əhəmiyyət kəsb edir. Belə ki, muxtar respublikanın turizm sektoru bu gün özünün inkişaf dövrünü yaşayır. Qədim diyarımızın paytaxtı ilə yanaşı, rayonlarının, hətta ən ucqar dağ kəndlərinin də abadlaşması, burada nəqliyyat-kommunikasiya sisteminin bərpası, mühüm sosial məsələlərin həlli, tarixi abidələrə yenidən həyat verilməsi, xidmət sektorunun canlanması, eyni zamanda, davamlı sabitlik turizmin genişlənməsinə əsaslı zəmin yaradıb. Turistlərin daha çox hava nəqliyyatına üstünlük verməsini nəzərə alsaq, bu zaman artan tələbat fonunda Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağının inşasının nə qədər əhəmiyyətli olduğunu görərik.

Digər tərəfdən Naxçıvanın istehsal potensialının artması, ixrac imkanlarının daha da genişlənməsi də bu məsələnin əhəmiyyətini ön plana çıxarır. Əlverişli iqtisadi-coğrafi mövqedə yerləşən muxtar respublikanın sivilizasiyaların qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin mərkəzində yer alması burada nəqliyyat infrastrukturunun hər il daha da təkmilləşdirilməsini zəruri edir. Yeni uçuş-enmə zolağının inşası bu baxımdan da çox önəmlidir.

Naxçıvanda mütərəqqi suvarma şəbəkələri qurulur

Muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin qurulması torpaq və su ehtiyatlarından səmərəli istifadəyə, eləcə də yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması isə digər bir təhlükəsizlik məsələsinin – ərzaq təhlükəsizliyinin həllinə yönəlmiş əhəmiyyətli işlərdəndir. Onu da qeyd etmək yerinə düşər ki, muxtar respublikada torpaqlar şoranlaşmaya meyillidir. Ona görə də əkinçilikdə şırım üsulunun tətbiqi və qapalı suvarma şəbəkələrinin qurulması vacibdir. Son illər Babək, Culfa və Kəngərli rayonlarında 5 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurulub. Görülən işlərin davamı olaraq avqustun 8-də Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsi açılıb.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri Yurdçu kəndində 108 hektar pay torpağını və Qıvraq qəsəbəsində 9 hektar bələdiyyə torpağını əhatə edən qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə sakinləri təbrik edərək deyib: “Torpaqların əkilməsi hər bir ölkənin inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib məsələlərdəndir. Muxtar respublikada da yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, onların su təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Çünki muxtar respublikanın 5,5 min kvadratkilometr ərazisinin cəmi 161 min hektarı əkinəyararlı torpaqlardır. Hazırda həmin torpaqların 62 min hektara yaxınında əkin aparılır ki, onun da 51 min hektarı suvarılan ərazilərdir”.

Çıxışında digər mühüm məsələlərə də toxunan Ali Məclisin Sədri qeyd edib ki, muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, həm də əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaradır. Yurdçu kəndində qapalı suvarma şəbəkəsinin qurulması da torpaq mülkiyyətçilərinin pay torpaqlarından səmərəli istifadə etməsinə, məşğulluğun təmin olunmasına və bol məhsul istehsalına imkan verəcəkdir. Ümumilikdə isə muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində əkin sahələrinin genişləndirilməsi daxili bazarda yerli məhsulların miqdarının artmasına, idxalın azalmasına, bu sahəyə yönəldilən vəsaitin ölkə daxilində qalmasına, nəticə etibarilə ümumi iqtisadi inkişafa müsbət təsirini göstərəcəkdir.

Ali Məclisin Sədri Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları tərəfindən qapalı suvarma şəbəkəsinin keyfiyyətlə qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, onlara hədiyyələr təqdim edib və suvarma şəbəkəsini işə salıb.

Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin əhatə etdiyi sahənin əkilməsi, torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin olunması və ərazidə qoruyucu yaşıllıq zolaqlarının salınması barədə tapşırıqlar verib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, son illərdə Kəngərli rayonunda qurulan qapalı suvarma şəbəkələri min hektarlarla torpağı əkin dövriyyəsinə qatıb. Belə ki, bu il rayonda 180 hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurulub. Hazırda Şahbuz rayonunun Türkeş kəndində də 300 hektara yaxın ərazidə qapalı suvarma şəbəkəsinin qurulması, Külüs kəndində isə 400 hektar ərazini əhatə edəcək nasos stansiyasının tikintisi aparılır. Bütün bunlar deməyə əsas verir ki, muxtar respublikada əkin dövriyyəsinə qatılacaq ərazilərin sayı ildən-ilə daha da artacaq.

Sağlamlıq imkanları məhdudlaşmış şəxslərin sosial müdafiəsi təmin edilir

Naxçıvanda əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər xüsusi qayğıya ehtiyacı olan şəxsləri də əhatə edir. Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailə¬ləri mənzillər və minik avtomobilləri ilə təmin olunur, onların sağlamlığının bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Təkcə 2019-cu ilin ötən dövründə sağlamlıq imkanları məhdud 481 şəxsin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 278 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 nəfərə minik avtomobili, 12 ailəyə fərdi yaşayış evi və mənzil təqdim olunub.

Avqustun 9-da – müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim olunub, eyni zamanda, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına, hərbi xidməti vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş şəxsə və Çernobıl qəzasında sağlamlığını itirmiş 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobili verilib.

Ali Məclisin Sədri fərdi yaşayış evi, mənzil və avtomobillə təmin olunanları təbrik edərək deyib: “Azərbaycanda vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bu gün fərdi yaşayış evi, mənzil və avtomobil təqdim olunanlar da xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, vətənpərvərlik nümunəsi göstərmiş şəxslərdir. Bunlar o yerdə baş verir ki, həmin ölkədə dövlət-xalq birliyi vardır. Dövlət xalqına arxalanır, xalq isə dövlətinə inanır. Belə olan halda isə hər bir şəxs dövləti qarşısında öz xidməti borcunu layiqincə yerinə yetirməyə çalışır”.

Sonra Ali Məclisin Sədri fərdi yaşayış evi və mənzillərin orderlərini, eləcə də minik avtomobillərinin açarlarını təqdim edib.

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verilir

Blokada vəziyyətində yaşayan diyarımızda enerji təhlükəsizliyinin təmin olunması da mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verilməsi isə həm ətraf mühitin qorunması, həm də iqtisadi səmərəlilik baxımından diqqəti cəlb edir. Son illər Babək rayonunda 22, Kəngərli rayonunda 2 meqavat gücündə Günəş elektrik stansiyaları tikilib. Hazırda Araz çayı üzərində Su Elektrik Stansiyasının inşası davam etdirilir. Bütün bunlar enerji təminatını yaxşılaşdırmaqla yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini də artırır və bu sahənin daha da müasirləşdirilməsinə imkan verir. Dövlət Energetika Xidmətinin gəlirləri hesabına Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının inşa olunması bir daha bunu təsdiq edir.

Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında həmin Günəş Elektrik Stansiyasının qurulması barədə müqavilə imzalanıb.

Uğurlu təhsil siyasəti öz nəticələrini verir

Aparılan təhlillər bir daha sübut edir ki, dünyanın hər bir yerində ölkənin inkişafının yeni mərhələsi təhsillə üzvi şəkildə bağlıdır. Çünki təhsil fərdləri müasir dövrün çoxşaxəli çağırışlarına hazırlayır, verdiyi əsaslı bilik və bacarıqlarla onların arzu və amallarını həyata keçirmələrinə yol açır, cəmiyyət həyatında fəal iştirak edən düşüncəli vətəndaş kimi yetişdirir. Bu mənada, əminliklə demək olar ki, təhsil strateji əhəmiyyətli fəaliyyət sahəsi kimi ölkənin, diyarın siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Qloballaşan dünyada yaşadığımız innovativ və dayanıqlı inkişaf dövrü yeni nəsildən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Sevindirici haldır ki, bu məsələlər Naxçıvanda xüsusilə diqqət mərkəzində saxlanılır. Muxtar respublikada aparılan uğurlu təhsil siyasətinin nəticəsidir ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrin sayı ildən-ilə daha da artır.

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik edib. Ali Məclisin Sədri çıxışında təhsil strategiyasının əsas istiqamətlərini vurğulayıb, qarşıda duran vəzifələr barədə danışaraq deyib: “Muxtar respublikamızda gənclər siyasətinin əsasını gələcəyin qurucuları olan yeni düşüncəli nəslin formalaşdırılması, milli ruhlu, vətənpərvər gənclərin hazırlanması təşkil etməlidir. Aparılan siyasət gənclərimizə öz tarixi keçmişini aşılamalı, mənəvi kamilliyə və əqidə saflığına xidmət etməlidir. Təhsil siyasətinin mühüm prinsipləri gənclərin milli dəyərlər əsasında tərbiyələndirilməsi, mənəvi cəhətdən sağlam və iradəli gəncliyin yetişdirilməsi olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev dövlət gənclər siyasətinin əsas məqsədini dövlətə və xalqa layiqli vətəndaş olmaqda görür və gənclərə müraciətində deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır!”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tələbə adını qazanmış hər bir gəncə ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbindən öyrənməyi, Azərbaycançılıq ideologiyasına, milli dəyərlərimizə bağlı, yeni fikirli, müasir gənclər kimi müstəqil Azərbaycan naminə fəaliyyət göstərməyi arzulayıb.

Tədbirdə ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Qazanılan nailiyyətlərin əsasında böyük dövlətçilik konsepsiyasının qətiyyətlə həyata keçirilməsi dayanır

Bu gün qürurla deyə bilərik ki, muxtar respublikada sosial-iqtisadi inkişafa paralel olaraq müstəqil dövlətçiliyimizin siyasi-ideoloji mövqeyinin, Azərbaycançılıq ideyalarının daha da inkişaf etdirilərək möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakteri ilə səciyyələnir. Bu, vətənpərvər və bilikli nəsillərin formalaşmasına əhəmiyyətli töhfə verir. Muxtar respublikada bütün sahələrdə əldə edilən nailiyyətlərin əsasında isə düşünülmüş və məqsədyönlü siyasət, böyük dövlətçilik konsepsiyasının qətiyyətlə həyata keçirilməsi dayanır. Qəbul edilən dövlət proqramları, strategiya xarakterli sənədlər, onların əməli icrası bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Mövcud olan monolit birlik, yorulmaz fəaliyyət diyarımızı bir sıra mühüm məsələlərin öz həllini tapdığı, inkişaf etmiş insan kapitalına, mühafizə edilən sağlam ətraf mühitə və hər bir sakin üçün geniş imkanlara malik məkana çevirib.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …