Cümə , 22 Noyabr 2024
Drone Cameras

Əli Nağıyevi “keçi qiyməti”nə satan, “vəzirovçu” Həsənovun son ümidləri də puç oldu

Martın 5-də cəmiyyət tərəfindən diqqətlə izlənən YAP-ın 7-ci qurultayında bir çox maraqlı məqamlar baş verdi. Gözlənildiyi kimi, bir sıra YAP funksionerləri partiyadakı yüksək statuslarını itirdi. İdarə heyətində postunu itirənlərin hamısı “köhnə qvardiya” idi. Yəni onların artıq partiyaya töhfə verəcək enerjisi qalmamışdı. Əslinə baxsan, onların çoxu iqtidar partiyasının adına ləkə idi. Amma neyləyək ki, zamanında hansı yollarlasa partiyanın İdarə Heyətinə və Siyasi Şurasına qədər gedib çıxmışdılar.

Məsələn, Ramiz Mehdiyev. Bu adam YAP-da ortada yeyib, qıraqda gəzənlərdən olub. Nə partiyanın yaradılmasında iştirak edib, nə də ki, onun böyüyüb inkişaf etməsində. Sadəcə “hazırın naziri olub”. Və nəhayət ki, Ramiz Ənvəroviç partiyadakı taxtından salındı. “Xala xətrin qalmasın”, – deyə yeni yaradılan YAP Ağsaqqallar Şurasına sıravi üzv kimi qeydiyyata alındı. Qurultaya canlı qatılan Mehdiyev çıxışda jurnalistlərdən qaça bilmədi. Məcburən qısa açıqlamalar verdi.

Dedi ki, “Biz bir nəfər kimi Heydər Əliyev və İlham Əliyev dəyərlərinə borcluyuq və elə də olmalıdır”. Üstəlik, dedi ki, hazırda prezidentə sadiq olmayan məmur yoxdur. Və təbii ki, gileyləndi də: “5-ci kolon məsələsini ortaya atıblar. Doğurdan da ölkə başçısına sədaqətli olan insanları günahlandırırlar(!). Bizim dövrümüzdə, indi və əvvəlki vaxtda da cənab prezidentə sadiq olmayan məmurlar yoxdur (!). Yəni mən tanımıram. Çünki Azərbaycanın gələciyi budur və bu yoldur”.

Amma akademik sözlərində heç də səmimi görünmürdü. Ən azı ona görə ki, uzun illər qamarladığı postları bir-bir itirir. Bizim cəmiyyətdə isə ideyaya yox, kresloya sadiqlik var. Necə deyərlər: “Bağda ərik var idi, salam-məlik var idi. Bağda ərik qurtardı, salam-məlik qurtardı”. Ramiz Ənvəroviçin də dediyi son fikirlər qəlbindən yox, zərurətdən gəlirdi. Əks təqdirdə…

7-ci qurultayda siyasi fəaliyyətinə son verilənlərdən biri də Əli Şamiloviç Həsənov idi. Onun da bu patiya ilə uzaqdan-yaxından əlaqəsi yox idi. Çünki YAP-ın təşəbbüs qrupları yaradılanda o, Ayaz Niyazoviçin kölgəsi kimi gəzirdi. Və qatı “mütəllibovçu” olmasını da danmırdı. Ta ki, dövran dəyişənə, Azərbaycanda hakimiyyət etibarlı əllərə keçənə qədər. Və Əli Həsənov birdən-birə dönüb oldu Əliyevçi, sonra isə “yap”çı. Düzü, 2018-ci ilə onun hansı xidmətlərinə görə partiyanın sədr müavini olması məni hər zaman düşündürüb.

Çünki ona bu cür etimad türklər demiş “fazla” idi. Və onun da siyasi karyerası “bildirçinin bəyliyi kimi” uzun sürmədi. Onun sonunu gətirən digər faktorlarla yanaşı ötən ay mətbuata verdiyi savadsız və məsuliyyətsiz açıqlamaları oldu. Sonda yada salaq ki, onun da adı “5-ci kolon”un üzvu kimi hallanır. Son açıqlamasında Vladimir Vladimiroviçi tərifləməsi də əslində bunun sübutu idi.

Digər Əli Həsənov üçün də 5 mart bəd gəldi. O da YAP-dakı məsul və nüfuzlu postunu itirdi. Və bununla da Əli Həsənov bitdi. Onun “bəlkədə  qaytardılar” sevdası 5 martda 5 metr dərinliyə gömüldü.

Köhnə “yap”çılar və hadisələrin iştirakçıları bilir ki, Əli Həsənov YAP-a təsadüfən gələn adamlardan biridir. Çünki o da zamanında anti-əliyevçi olub. Vəzirovun ətrafının gözünə girmək üçün “əliyeşina”ya qarşı “mübarizə aparıb. Vəzirov qaçandan sonra biznesə girişib. Ta ki, YAP-ın qurucularından biri olan Əli Nağıyevə rast gələnə qədər. “Yerli başuva dönüm”, – deyə Nağıyevin qılığına girən Həsənov çox qısa zamanda uğurlu karyera sıçrayışı edib. Əvvəlcə patiyada özünə yer eləyib. Daha sonra Əli Nağıyevin təqdimatı ilə Prezident Aparatına yol tapıb. Və burda, Ramiz Mehdiyevin simasında  özünə yeni ağa və arxa tapan Əli Həsənov adaşını “keçi qiymətinə satıb”. Əli Nağıyevi necə ucuz qiymətə satıbsa, hələ də Nağıyevi yandırıb tökür. Amma necə deyərlər: “Quyunu dərin qaz, dayaz qaz, dəxli yoxdur. Sonda o quyuya özün düşəcəksən”. Necə ki, Əli Həsənov düşdüyü quyuda il yarımdır ki, çabalayır.

7-ci qurultayda postunu itirənlərdən biri də Siyavuş Novruzovdur. Obyektivlik naminə deyim ki, Siyavuş bəyin YAP-ın idarəçiliyindən uzaqlaşdırlması məni bir qədər üzdü. Çünki yuxarıda adlarını çəkdiklərimdən fərqli olaraq Novruzov ilk gündə YAP-ın sıralarında idi. Və insafən “çörək yediyi qaba heç zaman tüpürməyib”. Hər zaman partiyanının nüfuzuna ağız atanlarla mərdi-mərdanə vuruşub. O heç zaman kimdənsə göstəriş gözləməyib. YAP haqqında, iqtidar haqqında “artıq-əskik” danışanların yerindəcə cavabını verib.

Siyasi cəhətdən yetkin olmasa da, sədaqətinə heç zaman şübhə olmayıb. Məhz siyasi səbatsızlığı ucbatından o da öz sonunu gətirdi. Karantin qaydalarını pozaraq ailəlikcə Ramiz Ənvəroviçin qız nəvəsinin kəhkəşanlı toyuna qatıldı. Və bunu heç gizlətmədi də. Dedi ki, “Mən kişiyəm, çağrılan yerə gedirəm”. Və bununla ilk böyük yanlışlığını etdi. Siyasi cəhətdən yetkin olmayan Siyavuş Novruzov növbəti siyasi yanlışlığa DİN-i Beynəlxalq məhkəmə ilə hədələməsi oldu. Bununla da o, öz torbasını tikmiş oldu. Amma yenə deyirəm. Siyavuş Novruzov siyasi cəhətdən səbatsız idi. Lakin partiyaya qarşı onda  əksər “yap”çılarda olmayan bir sədaqət və yanğı var idi. Və əminəm ki, Siyavuş Novruzovun YAP-dakı yeri hər zaman görünəcək.

Kişilik məsələsinə toxunmuşkan “vurulan” “yap”çılardan biri Hacıbala Abutalıbov haqqında da bir-iki kəlmə demək istəyirəm Və bəri başdan deyim ki, onu bir vaxtlar dediyi “Azərbaycanda bir dənə kişi var…” ifadəsi xilas etmədi. Bakı şəhərinin 18 il baş bəlasına çevrilən Hacıbala Abutalıbov da partiyanın üz qaralarından biri idi. Çünki Hacıbala Abutalıbov nə xarakter idi, nə də ki, uğurlu kadr. O sadəcə bir baş bəlası idi. Onun üçün kresloya sədaqət var idi. Ölkə rəhbərinə və partiya sədrinə yox. Təsadüfi deyil ki, son günlər xəbər gəzir ki, Hacıbala Abutalıbov canından çox “sevdiyi” “Bakımızı” tərk edib. Gedib  xaricdəki biznesinin dadını çıxartmağa. İndi yəqin ki, ingilislərə deyir ki, “Londonumuzu” göz bəbəyi kimi qorumağa gəlmişəm.

Siyahını bir qədər də uzatmaq olardı. Amma heç nə dəyişməyəcək. Çünki “gedənlər”in hamısı o cümlədən, Abel Məhərrəmov da “öz əkdiklərini biçdilər”. Partiyanın və hakimiyyətin verdiyi səlahiyyətlərdən geninə-boluna istifadə edənlər milyonlar yox, milyardlar qazandılar və hakimiyyətin və hakim partiyanın adına ləkə gətirdilər. Və nəticədə öz cəzalarını da aldılar. Bir qədər də gec olsa da… Necə deyərlər: “Luçşi pozdno, çem ni koqda”…

Konkret.az

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …