Cümə , 22 Noyabr 2024
Drone Cameras

Əlisahib Hüseynov: “İranın molla hökuməti Azərbaycanla münasibətləri korlamağa risk etməz”

“23 fevral 2016-ci ildə Azərbaycanla İran arasında bağlanan “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”ə Azərbaycanın strateji maraqlarına zidd olan bir sənəd kimi qiymət verməyə hələ tələsməməliyik. Unutmamalıyıq ki, qonşuluq münasibətlərində onsuz da o qədər də etibarlı ölkə kimi tanınmayan İranın molla hakimiyyəti bu layihəni hələ illər öncə dəfələrlə reallaşdırmağa çalışıb. Özü də Azərbaycanın mövqeyi və ölkəmizin bu layihədə iştirakı nəzərdə tutulmadan”.

Bunu Reyting.az-a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Onun sözlərinə görə, dönəmin müdrik siyasətçisi, tariximizin ən mürəkkəb dövrlərindən biri sayılan ötən əsrin 90-cı illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev rəsmi Tehranın bu planlarına mane olub.

Partiya sədri qeyd edib ki, 2016-cı ildə İranla Azərbaycan arasında imzalanan məlum saziş isə həmin layihənin İran-Ermənistan layihəsi kimi gerçəkləşdirilməsinin qarşısını alıb və beləliklə, layihənin İran-Azərbaycan birgə layihəsi müstəvisinə keçirilməsinə zəmin yaradıb: “Başqa sözlə, bu layihə indi İranla Azərbaycanın qarşılıqlı yurisdiksiyasına aiddir. Azərbaycanın bu addımı erməni işğalçılarının sözügedən hidroqovşaqdan faydalanmasının qarşısını almağa hesablanıb və bu məqam sazişin mətnində də açıq şəkildə öz əksini tapıb. Həmin sazişdə qeyd edilib ki, “Tərəflər “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir”. Biz əminik ki, İran tərəfi qarşıdakı dövrdə bu sazişin şərtlərinə tam əməl edəcək. Əgər əməl etməyəcəksə, bu da İranla qonşuluq münasibətlərimizin pozulmasına gətirib çıxara bilər”.

Ə. Hüseynovun fikrincə, İranın molla hökuməti Azərbaycan kimi çox önəmli bir qonşu dövlətlə münasibətləri korlamağa risk etməz.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …