Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Əliyev-Putin görüşündə saziş imzalanmayacaq” – Partiya sədri

“Əslində bu, ölkə başçısının Rusiyaya rəsmi səfəri deyil. Ona  görə də, zənnimcə, heç bir rəsmi müqavilə və ya saziş bağlanmayacaq, birgə bəyanat səsləndirilməyəcək”.

Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Prezident İlham Əliyevin Moskvaya səfərini şərh edərkən bildirib. 

O qeyd edib ki, avropalı emissarların regiona səfəri və Ərdoğanın Azərbaycan müjdəsi ilə Şimali Kiprə yollanması rəsmi Moskvanı, ermənilərin Naxçıvanı, Şuşanı atəşə tutması, həmçinin sülhməramlıların əndazələrini aşması isə rəsmi Bakını narahat etməyə başlayır: “Bu kontekstdə müzakirələrin aparılması – “saatların tutuşdurulması” üçün Əliyev Moskvaya gedəcək.


Düzünü desək, İkinci Dünya  və 90-cı illərdəki Balkan savaşlarından sonra olduğu kimi, bizim Vətən müharibəsindən sonra da regionda marağı olan, təsir imkanları böyük olan ölkələr, yəni Rusiya, ABŞ, Fransa və daha bir neçə Avropa ölkəsi pay almağın peşindədir”.

Anar Əsədli bildirib ki, əslində 44 günlük Vətən müharibəsi ilə müzəffər ordumuz çox böyük ölçüdə Qarabağ məsələsinin taleyini müəyyənləşdirdi. “Şuşa bəyannaməsi” isə bölgədə güclər nisbətinin tablosu oldu: “Ölkə başçısının məlum fərmanı ilə Şərqi Zəngəzurun indiki iqtisadi, Qərbi Zəngəzura isə gələcək hədəfimizin konturları artıq çəkilib. Sadəcə erməni əsilli Rusiya xarici işlər nazirinin təqaüdə çıxmağa hazırlaşması Ermənistan və Rusiya siyasi dairələrini canfəşanlığa vadar edir. 


Yəni Qarabağdakı erməni azlığın, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gələcək taleyinin yol xəritəsi Lavrovun qovluğunda olduğundan Rusiya diplomatiyasının müasir “xaç atası” sayılan Kələntərov-Lavrovun yol xəritəsindən ermənilər üçün maksimum yararlanmaq cəhdləri sezilir.

Əminəm ki, nə Mişelin milyard avroluq ianəsi, nə Makronun pafoslu bəyanatları, nə Baydenin yağlı vədləri, nə də 29 il əvvəl respublikamızdan çıxarılan, indi isə hiyləgər imperialist ssenari ilə bölgəyə soxulan, ana məramları bölgəmizdə varlığını uzatmaq olan rus hərbçiləri ermənilərə öz  xəyallarını gerçəkləşdirməyə kömək edəcək.

Sərhədlərimizi mətinliklə qoruyan ordumuzun var olduğunu unutmayaq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …