Cümə , 29 Mart 2024
Drone Cameras

15 yaşlı qızlarda abort? – özü də bir ildə 1238 fakt..

Fatimə Hacıbəyli: “Məktəb yaşlı qız uşaqlarının abort statistikasında nəzarətsiz uşaqların da payı da az deyil”

“Uşaqlar daha sərbəst, daha rahat və seksual azad olmağa üstünlük verirlər, təbii ki, təcrübəsizlik, eyni zamanda nəzarətsizlik, ailədə zorakılıq halları buna təsir göstərir”

Biz qadın deyəndə yalnız onun zahiri gözəlliyi, cazibədarlığı deyil, həmçinin ana olmasını, dünyaya övlad gətirməsini gözümüz önündə canlandırırıq. Qadının varlığı yer üzündə insan nəslinin daim var olması və coxalmasıdır. Məhz buna görə də müdriklər “ana haqqı- tanrı haqqıdır” deyiblər. Hər dəfə uşaq dünyaya gələndə onun valideynlərini təbrik edirlər. Lakin son zamanlar (dünyanın bir çox ölkələrində bu tendensiya mövcuddur) qadın hamilə olanda həm özü, həm də ailə üzləri narahat olur, nə edəcəklərini, necə qərar verəcəklərini düşünürlər. Çıxış yolunu isə çox zaman abortda görürlər. Hazırda dünyada ən aktual problemlərdən biri abortlardır. Abort etdirənlərin sayı ildən-ilə artır. Azərbaycanda abortlarla bağlı açıqlanan statistika ciddi narahatlığa səbəb olub. Belə ki, ötən il 15-19 yaşlı qızların abort sayı 1 238 olub. Qeyd edək ki, bu rəqəmlər rəsmi göstəricilərdir. Qeyri-rəsmi abortların sayını da əlavə etsək, açıqlanan rəqəmlərin sayı ikiqat çox olar. Təəssüf ki, valideynlər bəzi hallarda çıxış yolunu abortda görürlər. Əlbəttə, 15-19 yaşlı qızların hamilə qalması müxtəlif formada baş verib. Erkən nikahlar və ya zorlanma halları buna misal ola bilər.

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məktəblilərin abort etdirməsində erkən nikaha daxil olan qızların payı üstünlük təşkil edir. Bununla yanaşı, 15-19 yaşlı qızların abort etdirməsi statistikasında zorlama cinayətlərinin payı da var: “Buraya eyni zamanda aldatma, erkən nikah, gənclərin sərbəst seksual münasibətləri də daxildir. Uşaqlar daha sərbəst, daha rahat və seksual azad olmağa üstünlük verirlər. Təbii ki, təcrübəsizlik, eyni zamanda nəzarətsizlik, ailədə zorakılıq halları buna təsir göstərir. Hamilə qalan qızların hamısı o demək deyil ki, öz xoşu ilə cinsi əlaqədə olub. Həmin rəqəmlər içərisində zorlama halları da baş verib. Amma düşünürəm ki, məktəblilərin abort statistikası əsasən cinayətlər hesabına böyüyür. Bu mövzuda əsas diqqət göstərilməli məqam məktəblilərin abort etdirməsində gizli abortların payıdır. Əgər həmin gənclər valideynlərindən xəbərsiz gizli abort etdiriblərsə, bu artıq cinayət sayılır”.

Həmsöhbətimizin sözlərinə görə, məktəb yaşlı qız uşaqlarının abort statistikasında nəzarətsiz uşaqların da payı az deyil. Birlik sədri onu da əlavə etdi ki, zorlanma, təcavüz nəticəsində meydana gələn hamiləlik sonrasında qadınların psixoloji sağlamlığında yaranan ciddi problemlərdən biri də o olur ki, onlar travmatik olaraq bu uşağın zorlanma nəticəsində əmələ gəldiyi üçün özünə və onlara zərər verəcəyini düşünürlər. Bu barədə ciddi fikirləşdikdən sonra isə çarəni abortda tapırlar.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …