Şənbə , 10 Yanvar 2026
Drone Cameras

2026-cı il üçün nəzərdə tutulan yaşayış minimumunu iqtisadçılar “yetərsiz” sayır

Azərbaycanda yaşayış minimumu gələn il üçün 5 faiz, yəni 15 manat artacaq.

Milli Məclis bununla bağlı qanun layihəsini bu gün birinci oxunuşda qəbul edib.

Sənədə əsasən, yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat məbləğində müəyyən ediləcək.

“Hökumət minimum göstəriciləri bilərəkdən aşağı saxlayır”

REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə belə deyi ki, Azərbaycanda yaşayış minimumu süni şəkildə aşağı götürülür və bu göstərici hökumət üçün daha çox formal xarakter daşıyır. 

“Yaşayış minimumu ölkədə fetişləşdirilib, yəni göstəriciyə formal yanaşılır. Hökumət rəqəmi bilərəkdən aşağı götürür, çünki minimum əməkhaqqı və minimum təqaüd həmişə yaşayış minimumundan yüksək olmalıdır. Rəqəm nə qədər kiçik olsa, hökumət onu “minimum əməkhaqqımız yaşayış minimumundan çoxdur” kimi təqdim edir”.

İqtisadçı deyir ki, real hesablamalar aparılsa, yaşayış minimumu indiki rəqəmdən ən azı iki dəfə yüksək olar:

“Əgər yaşayış minimumu real rəqəmlərlə hesablandığı təqdirdə minimum əməkhaqqı təxminən 700 manat, minimum təqaüd də təxminən 700 manat olmalıdır. Hökumətin hazırda bu artımı etməyə maliyyə imkanı yoxdur. Hesablamalarda köhnə – demək olar sovet dövründən qalma – normativlər və kaloriya zənbili istifadə olunur, buna görə də nəticə aşağı çıxır. Bu aşağı rəqəmlər də hökumətə imkan verir ki, öz hesabatlarında minimum əməkhaqqını və təqaüdü “yaşayış minimumundan yüksək” kimi göstərsin”.

2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əməkqabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdi.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …