Şənbə , 23 Noyabr 2024
Drone Cameras

30 il həsrətində olduğumuz “Zəfər Günü”nün qürur səlnaməsi – Fotolar

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Təbii ki, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox Azərbaycanlının 30 ildən çox həsrətlə gözlədiyi bu xoş xəbər əsrlər boyu öz təravətini, aktuallığını itirməyəcək. Tarixə nəzər salsaq son iki əsirdə ilk dəfə idi ki, Azərbaycan xalqına şanlı qələbə müjdəsi verilirdi. Bu zəfər müjdəsindən, hər bir kəsə, uzun əsirlərdən bəri Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə apararaq canlarını fəda etmiş ulu babalarımıza, topaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımıza, hətta, min il bundan sonra dünyaya göz açacaq körpə uşaqlarımıza belə pay düşürdü. Bu bir gündə əldə olunan qələbə deyildi. Uzun illərdən bəri, xalqımızın Tanrıya sığındığı səbrin, ən məşəqqətli günlərində etdiyi doğru və düzgün seçimin məntiqi sonluğu idi. Daha doğrusu, 1 il bundan öncə Şuşaya çəkilən Zəfər Yolunun bünövrəsi 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə qoyulmuşdu. “Azərbaycan dünyaya günəş kimi doğacaq”- demişdi Ulu Öndər. Məhz 8 noyabr Şuşanın düşmən tapdağından azad olunduğu gün tarixə ölkəmizin və müstəqil dövlətimizin dünyaya doğan parlaq günəşin ilkin şöləsi kimi daxil olacaq. “Mən ona özüm qədər İnanıram’- demişdi Ulu Öndər. Və bu deyimin müəllifinin yolunu inamla davam etdirən Ali Baş Komandan İlham Əliyev ağlının və zəkasının qüdrəti ilə ona bəslənən ümidi böyük ustalıqla doğrultdu və xalqımızı Zəfər Yoluna çıxartmağı bacardı. San ki, strateji xət üç rəngli bayrağımızın döğum tarixinə hesablanmışdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın qədim mədəniyyət ocağı olan Şuşa şəhərinin şanlı ordumuz tərəfindən azad edildiyini Milli Bayraq Gününə bir gün qalmış bəyan etməklə adını əbədi olaraq Azərbaycanın şanlı zəfər səlnaməsinə həkk etmiş oldu.

Qəhrəman Azərbaycan ordusunun rəşadətli döyüşləri nəticəsində Şuşanın düşmən tapdağından azad edilməsi ilə ermənilərin qondarma Dağlıq Qarabağ iddiasına son qoyuldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Hadrut və digər qədim yaşayış məskənləriimiz işğalından azad olundu. Müzəffər ordumuzun keçdiyi 44 günlük qəhrəmanlıq səlnaməsi dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşlarımızın 30 illik həsrətinə son qoymaqla, istək və arzularını reallığa çevirdi.

Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaq görən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə – Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi. Şuşanın işğaldan azad edilməsi təkcə strateji və hərbi baxımdan deyil, mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyır. Bu qədim şəhərin xalqımızın qəlbində mənəvi baxımdan xüsusi yeri var. Əbəs yerə Şuşanı “Şərqin konservatoriyası” adlandırmırlar. Şuşa unikal Azərbaycan musiqisinin beşiyi, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Şuşa – Pənahəli xanın, İbrahimxəlil xanın, Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün və daha neçə-neçə yazıçı, sənət adamı, bəstəkar, müğənni, teatr və kino xadiminin vətənidir. Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Şuşanın işğalı milli varlığımıza vurulan sağalmaz yara idi. Biz bu yaranı sağaltdıq. 8 noyabrı tariximizə qızıl hərflərlə yazdıq. Ali Baş Komandanımız, Müzəffər Ordumuz dünya azərbaycanlılarına böyük qələbə sevinci yaşatdı. Düşmən isə bu qələbəmizdən sarsılaraq, acı məğlubiyyətin təsirindən hələ uzun illər çıxa bilməyəcək. Müzəffər Ordumuzun Şuşa qələbəsi Azərbaycan Ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini, uğurlu hərbi komandanlıq və idarəetməsini, sahib olduğu bütün maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi.

Milli yaddaşımıza əbədi həkk olunan 8 noyabr Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən yalan və uydurma informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

44 günlük Vətən müharibəsi dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox Azərbaycanlını vahid dövlətçilik ətrafında birləşdirdi. Milli kimliyindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək vətənimizin sıravi əsgəri olmağı bacardı. Bu müqəddəs yolda hər bir kəs, kimi silaha, kimi qələmə sarılaraq Vətən adlı dəryamızın bir damlasına çevrildi. Bu baxımdan dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada yaşayan 500 mindən çox soydaşlarımızın ürəyi də Qarabağ adlı qibləgahımızla düyünürdü. Hər bir kəs özünü tarixi vətənimizin sıravi əsgəri hesab edərək, ideoloji səngərlərdə sinələrini ölkəmizə yönəlik təxribatatların qarşısını almaq üçün sipər etmişdilər. Ukraynanın bütün vilayət və şəhərlərində yaşayan həmvətənlərimiz Azərbaycanın Ukraynadakı səfirliyinin qarşısına toplaşaraq könüllü cəbhəyə getmək, yağı düşmən qarşı rəşadətli döyüş yolu keçən əsgərlərimizə maddi və mənəvi dəstək vermək üçün səfərbər olmuşdular. Bir əsrə bərabər 44 günün həyacanlı və qürurlu günlərini yaşayah hər bir kəsin gözü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elan edəcəyi qələbə xəbərlərinə dikilmişdi. Bəli!. Prezident İlham Əliyev xalqımızın 30 ildən çox gözlədiyi qələbə müjdəsini elan etməklə, Qarabağ adlı bir bədəndə çırpınan 50 milyonluq ürəyin Yenilməz Sərkərdəsinə, Müzəffər Ali Baş Komandanına çevrildi. Artıq bir ildir dünyanın hər bir guşəsində yaşayan Azərbaycanlı başını dik tutub gəzir. Qırılmış ümidlər, qürurla, əyilmiş qamətlər vüqarla əvəz olunub. Ulu Öndərin vaxtı ilə dediyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsi dilimizdən ruhumuza hopub.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yolların çəkilməsi, elektrik stansiyalarının tikilməsi, Prezident İlham Əliyevin azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılması dünyanın bir çox ölkələrində olduğu kimi Ukraynanın aparıcı televiziya və KİV-də nümunə etalonu kimi təqdim olunur. Qısa müddətdə Füzuli beynəlxalq aeroportunun tikilərək istifadəyə verilməsi, Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməlinin qoyulması, xüsusən də Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan və Prezident İlham Əliyevin birgə iştirakı ilə Zəngəzur avtomobil yolunun tikintisinə start verilməsi Azərbaycanın dünyada artmaqda olan nüfuzunun əyani təzahürü kimi dəyərləndirilir. Ötən il Azərbaycanın ermənistan üzərində əldə etdiyi inamlı qələbəni, müharibədən sonra bölgədə aparılan geniş miqyaslı tikinti və qruculuq işlərini şərh edən Ukraynanın iqtisadi, siyasi və hərbi ekspertləri Azərbaycan modelinin öyrənilməsinin və onun tədbiq olunmasının vacibliyini qeyd edirlər.

Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsinin gedişində istifadə etdiyi taktika və silahlar, qazandığı təcrübə dünyanın əksər ölkələrində diqqətlə öyrənilməkdədir. Postsovet məkanlnda artıq Ukraynada, Gürcüstanda, Moldovada Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki təcrübəsi yaxından öyrənilir və nümunə kimi qəbul edilir. Xüsusən də, pilotsuz uçan aparatlardan (PUA) istifadə əsas diqqət mərkəzində yer alır. Ukrayna xüsusi olaraq Azərbaycanın ötən ilki 44 günlük müharibədə həyata keçirtdiyi peşəkar hərbi taktikanın öyrənilməsinə xüsusi önəm verir. Ukraynanın müdafiə nazirliyinin ordu komandanlığı Azərbaycanın 44 günlük müharibədə tətbiq etdiyi taktiki modeli araşdıraraq etiraf edib ki, Qarabağda kəşfiyyat və zərbə PUA-larının ənənəvi qüvvələrlə birgə tətbiqi yeni metoddur və bu təcrübənin öyrənilməsi günün ən vacib məsələsidir.

Ukraynanın hərbi ekspertləri hesab edir ki, Qarabağda əldə olunan qələbəni böyük ölçüdə pilotsuz döyüş vasitələri və peşəkar hərbi mütəxəssislər əldə edib. Şuşa şəhərinin azad olunması isə bir başa Azərbaycan milli ordusunun yüksək döyüş qabiliyyətinə malik olasının təstiqidir. Ekspertlər vurğulayır ki, pilotsuz döyüş sistemləri gələcəyin döyüş vasitələridir və Azərbaycan bu sahədə geniş imkanlara malikdir. Deyilən faktlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə, xalqımızın maddi rifah halının yüksəldilməsi, ölkəmizin sosial, iqtisadi inkişafının təmin edilməsi ilə yanaşı Azərbaycanda qüdrətli ordu quruculuğu sahəsində qlobal islahatlar həyata keçirib. Məhz bunun nəticəsidir ki, Azərbaycan iqtisadi hərbi qüdrətinə görə bölgənin lider dövləti hesab olunur.

8 noyabr çağdaş Azərbaycan tarixinə tək zəfər günü kimi deyil, milli qürur, dəyanət, qeyrət və qəhrəmanlıq bayramı kimi daxil olub. Bu tarix yüzilliklər boyu xalqımızın ən sevimli bayramı kimi qeyd ediləcək. Bu bayramın sevincini yaşayan hər bir şəxs, minilliklər boyu bu şərəfli tarixi bizlərə qanı və canı bahasına bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyəcək. Bu yolda sinəsini düşmən gülləsinə sipər edən qazilərimizi, igid, ərən oğullarımızı böyük ehtiramla yad edəcək. Allah Şəhidlərimizə rəhmət eləsin !

Möhsüm Qədiroğlu

Respublika Qəzetinin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri.

AsMedia qrupun rəhbəri.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …