“Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. Azərbaycan hər zaman Ermənistanın törətdiyi cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırır. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə önəmli layihələr həyata keçirir”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir.Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb, bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd edib. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəfindən bu dövrdə 70-ə yaxın məscid, çoxlu sayda mədəni-tarixi abidələr məhv edilib. Ermənilərin bu vandallığı xalqımızın mədəni-tarixi irisnə qarşı soyqırımıdır. Azərbaycan Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və qarşısının alınmasını tələb edib. Amma Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib.
Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik: “Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Dövlət tərəfindən mütəmadi olaraq diplomatik korpusların nümayəndələrinin, xarici KİV-lərin təmsilçilərinin, müxtəlif sahələr üzrə dünyada tanınmış mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunur. Təbii ki, onlar bu səfərlər zamanı erməni vandalizminin canlı şahidi olaraq bu cinayətləri öz əlkələrinin ictimaiyyətinə çatdırırlar. Bu da Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunmasında vacib amildir”.
Fatma Yıldırım həmçinin qeyd edib ki, cəmiyyətimiz də bu prosesdə fəal olmalıdır: “Bilirsiniz ki, yanvarın 24-dən etibarən Şuşa və Ağdama avtobus marşrutları fəaliyyətə başlayıb. Vətəndaşlar ildə bir dəfə bu marşrutlar vasitəsilə səfər edə biləcəklər. Vətəndaşlar səfər zamanı “Qafqazın Xirosiması” adlanan Ağdam şəhərində, eləcə də mədəniyyət paytaxtımız Şuşada xalqımıza məxsus tarixi abidələrə, milli-mədəni irsimizə, millətin mənəvi dəyərlərinə, təbiətimizə qəsd edən işğalın nəticələrini görürlər. Təbii ki, insanlar işğal zamanı erməni vandalizminin nəticələrini ürək ağrısı seyr edirlər. Amma bu əminlik də var ki, dövlətimiz həmin əraziləri ən yüksək səviyyədə bərpa etmək əzmindədir. Artıq bu istiqamətdə böyükmiqyaslı işlər həyata keçirilir. Düşünürəm ki, bu ərazilərə səfər edən vəətndaşlarımız da gördükləri reallıqları müasir informasiya texnologiyalarının imkanlarının istifadə edərək təbliğ etməlidirlər. Çünki bütün bunlar ümumi işimizin xeyrinədir”.
Sevinc Qarayeva