Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

4 beynəlxalq təşkilat Əfqan Sadıqovla bağlı Gürcüstana çağırış edib

Təşkilatlar jurnalistin ekstradisiyasını dayandırmağı tələb ediblər

“Azel” TV-nin rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib. 

Bu barədə “Turan”a onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.

O deyib ki, hakimin xəstəliyi ilə əlaqədar məhkəmə dinləmələri hələ təyin edilməyib. 

Onun sözlərinə görə, Əfqan Sadıqov 80 gündür ki, aclıq aksiyası keçirir.

“Əfqan hazıda təcridxananın hospitalındadır. Vəziyyəti çox ağırdır. 35 kiloqram arıqlayıb. Həkim dedi ki, Əfqanın çəki itirməsi üçün bədənində heç nə qalmayıb. Dəri və  sümükdən ibatrətdir. Vitamin çatışmamazlığından dərisində qabıqlaşma gedir”, – Sevinc Sadıqova deyib. 

Bu arada 4 beynəlxalq hüquq-müdafiə təşkilatı Gürcüstan hakimiyyətini Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırmağa çağırıb.

Bu barədə İnsan Hüquqları  Naminə Beynəlxalq Tərəfdaşlıq (IPHR), Açıq Müqavilə Tərəfdaşlığı (OCP) Crude  Accountability, Norveç  İnsan Hüquqları Evi Fondunun müraciətində vurğulanır. 

Bildirilir ki, ekstradisiya baş tutarsa, Gürcüstanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə bağlı öhdəlikləri pozulacaq. 

Çağırışda qeyd olunur ki, bu maddə xarici vətəndaşların işgəncə və ya pis rəftar riski ilə üzləşə biləcəyinə əsas olduğu halda ölkəyə verilməsini qadağan edir.

Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası beynəlxalq təşkilatlarda narahatçılıq yaradıb. 

Onlar hesab edirlər ki, son vaxtlar siyasi motivli həbslərin artması və Azərbaycan hökuməti tərəfindən Avropa Şurası İşgəncələrin qarşısının alınması Komitəsilə əməkdaşlığın dayandırılması Sadıqovu da işgəncə və amansız rəftar riskinə məruz qoyacaq.

Əfqan Sadıqov təqiblərdən ehtiyat edərək 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. 

İyulda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar.  

Ona deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Azərbaycanın sorğusu əsasında Sadıqov həbs edilib. 

Bakıda onu hədə yoluyla pul tələb etməkdə ittiham edirlər və ekstradisiyası tələb olunur. 

Sadıqov həbs olunmasına və ona sığınacaq verilməsindən imtina edilməsinə etiraz edərək sentyabrın 21-dən aclıq edir. 

Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və həbsxana xəstəxanasına köçürülüb. 

Gürcüstan hakimiyyəti Əfqan Sadıqova  siyasi sığınacaq verməkdən imtina edib.

Check Also

Ramiz Tatarov azadlığa buraxıldı

Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov vaxtından tez …