Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Mobil notariat” tətbiqinin istifadəçilərinin sayı 500.000-i keçdi

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, vətəndaşlara daha asan, rahat və əlçatan xidmətlərin göstərilməsi ilə bağlı rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir. 

2019-cu ildə Ədliyyə Nazirliyi tərəfindən yaradılaraq istifadəyə verilmiş və böyük vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi insanların mülki hüquq münasibətlərinin həllini xeyli asanlaşdırmış, notariat hərəkətlərinin məsafədən, bilavasitə notariat ofisinə müraciət etmədən rəsmiləşdirilməsinə əlverişli imkan yaratmışdır.

Boyukmillet.com xəbər verir ki, Mobil cihazlara “AppStore” və ya “Google Play” satış platformalarından asanlıqla yüklənə bilən “Mobil notariat” ən populyar tətbiqlər sırasındadır və təsadüfi deyil ki, informasiya texnologiyaları sahəsində Azərbaycanın İnternet Mükafatı olan NETTY tərəfindən bu innovasiya “Dövlət və cəmiyyət” nominasiyası üzrə 2022-ci ilin ən yaxşı tətbiqi seçilmişdir.

Hazırda mobil tətbiq vasitəsilə müxtəlif növ etibarnamələrin (avtomobillərin idarə edilməsi və sərəncam verilməsi, banklarda və müxtəlif qurumlarda təmsilçilik, vərəsəlik işləri, daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı, həmçinin sosial, vəkillərə verilən etibarnamələr) və ərizələrin (yetkinlik yaşına çatmayan şəxslərin ölkə ərazisini tərk etməsi və ümumvətəndaş pasportu alması üçün valideynlərinin yazılı razılıq, yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq, həmçinin etibarnamələrə xitam verilməsinə, daşınmaz əmlaka sərəncam verilməsinə, əvvəl verilmiş ərizədən imtinaya, təhsil-tələbə kreditinin verilməsinə dair ərizələr) elektron qaydada rəsmiləşdirilməsi mümkündür.

Qeyd olunmalıdır ki, tətbiq vasitəsilə gündəlik mindən artıq notariat hərəkətləri rəsmiləşdirilir və artıq onun istifadəçilərinin sayı 500.000-i ötmüşdür. Ölkə vətəndaşları, eləcə də daimi və ya müvəqqəti yaşamaq icazə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər 24/7 rejimində olduqları yerdən asılı olmayaraq tətbiqin xidmətlərindən yararlana bilirlər.

Elektron qaydada rəsmiləşdirilmiş sənədləri telefon vasitəsi ilə aidiyyəti üzrə təqdim və ya nümayiş etdirmək, habelə kağız daşıyıcıya çap edərək istifadə etmək mümkündür. Elektron müraciətlər qanunvericiliyə əsasən müraciət edənin iradəsini əks etdirən video və audio materiallar əsasında ən gec 5-10 dəqiqə ərzində notariuslar tərəfindən təsdiq olunur və bu barədə vətəndaşın mobil cihazda şəxsi kabinetinə dərhal bildiriş göndərilir. 

Bundan əlavə tətbiq vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və barkod əsasında yoxlanılması mümkündür. Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın əldə edilməsi göstərilən xidmətlər sırasındadır.

“Mobil notariat” istifadəçisi özünün bütün notariat əməliyyatları ilə bağlı sənədlərini həmin tətbiqdə saxlaya, sənədin qüvvədən düşməsi barədə məlumatı dərhal ala və elektron versiyasından istifadə edə bilər. 

Həmçinin tətbiq vasitəsilə respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumat əldə etmək, eləcə də ofislərin 360 dərəcə görüntüsünü nəzərdən keçirmək mümkündür. Burada notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar da yerləşdirilmişdir. 

İctimaiyyətin artan marağı nəzərə alınaraq “Mobil notariat”ın funksionallığı daim genişləndirilir, əməliyyat proseduru baxımından daha mürəkkəb, o cümlədən iki və daha çox tərəfin iştirakını nəzərdə tutan notariat hərəkətlərinin rəsmiləşdirilməsi imkanları yaradılır. 

“Mobil notariat” tətbiqinin alt-sistemi kimi istifadəyə verilmiş “Mobil əhali” tətbiqi də həm ölkə daxilində, həm xaricdə yaşayan soydaşlarımıza smart texnologiya vasitəsilə məkandan asılı olmayaraq və növbədə gözləmədən doğumun və ölümün elektron qaydada qeydə alınmasını, ailə vəziyyəti və ailə tərkibi haqqında elektron arayışların daha tez və rahat şəkildə əldə olunmasını təmin edir. 

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …