Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ayxan Hacızadə: “Mina partlayışlarının 55%-dən çoxu Ermənistanın verdiyi xəritələrdən kənar ərazilərdə olub”

“Azərbaycan ərazisində qeydə alınan mina partlayışlarının 55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə olub”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.

“Ermənistan XİN-in Üçtərəfli bəyanatın icrası ilə bağlı yalan və saxta dolu iddialarına gəldikdə xatırlatmaq istərdik ki, bəyanatın xüsusilə 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçıran və ümumiyyətlə heç zaman beynəlxalq razılıqlara əməl etməyən Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmamış və Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi bu iddianı və onların azad olunması tələbini rədd etmişdi. Ermənistan tərəfi bununla yanaşı, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçından çıxarılmasına Azərbaycan tərəfindən xoş məram göstərilərək möhlət verilməsinə baxmayaraq, Üçtərəfli bəyanata zidd olaraq çıxdığı ərazilərdə bir çox evləri yandırmış, meşələri qırmış, bu ərazilərdə mina və mina tələlər yerləşdirmişdi. Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir. Delimitasiya prosesinin Sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir. Ermənistan bununla yanaşı, Azərbaycan ərazilərinə yeni istehsal edilmiş minalar ötürməklə Azərbaycan ərazilərində minalanma və digər terror fəaliyyəti həyata keçirir. Ermənistanın ilk əvvəl 8 ay ərzində mina xəritələrinin mövcudluğunu inkar etməsinə baxmayaraq, sonradan beynəlxalq təzyiqlər nəticəsində bəzi yararsız mina xəritələri təqdim etdiyi məlumdur. Azərbaycan ərazisində baş verən mina partlayışlarının 55%-dən çoxunun Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verdiyi də bəllidir. Ermənistanın məhz bu kimi təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsindən sonra 286 nəfər mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 49 nəfər həlak olub”, – XİN rəsmisi vurğulayıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …