Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Ağıllı” Qarabağı tanıyaq – məlumatlandırma sessiyası

Martın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ağıllı” Qarabağı tanıyaq” layihəsi çərçivəsində ilk məlumatlandırma sessiyası keçirilib. Layihə Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə icra olunur.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev universitetin hər il bu və ya digər istiqamətdə həyata keçirilən tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Ağıllı” Qarabağı tanıyaq” layihəsi də bu qəbildən olan tədbirlər sırasındadır. Hazırkı dövrdə “ağıllı” texnologiyalar haqqında maarifləndirmə tədbirləri olduqca önəmlidir.

“İrəli” İctimai Birliyinin mətbuat katibi, layihə rəhbəri Arif Rəhimli bildirib ki, təşkilatın fəaliyyətində digər universitetlərlə yanaşı, ADPU-nun tələbələri aktiv iştirak edir. “Ağıllı” Qarabağı tanıyaq” layihəsi müddətində gənclərin bu sahədə yeni biliklər əldə edəcəyini vurğulayan A.Rəhimli tələbələri sual-cavab bölməsində fəal olmağa səsləyib. Həmçinin bildirilib ki, layihə çərçivəsində daha bir neçə ali təhsil müəssisəsində məlumatlandırma sessiyası keçiriləcək.

Məlumatlandırma bölməsində Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin əməkdaşı Elgün Vəliyev təqdimatlarla çıxış ediblər. Sessiya müddətində “ağıllı” şəhər və onun əsas komponentləri, bu sahədə dünya praktikası, dünyanın bir sıra ölkələrində tətbiq olunan “ağıllı” texnologiyalar, habelə Qarabağın dirçəlişi prosesində “ağıllı” şəhərlərin rolu və “Qarabağda urbisid” layihəsi haqqında məlumat verilib.

Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.

Sonda məlumatlandırma sessiyasında iştirak edən gənclərə şəhadətnamələr təqdim olunub.

Qeyd edək ki, “Ağıllı” Qarabağı tanıyaq” layihəsi Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır 2022” gənclərin fərdi layihələr qrant müsabiqəsi çərçivəsində keçirilir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …