Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputat: “İsraildə səfirliyin açılması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir”

Azərbaycan parlamentinin 8 üzvü ölkəmizin İsrailin paytaxtı Təl-Əvivdəki səfirliyinin təntənəli açılış mərasimində iştirak edir.

Bu barədə “Report”a Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

O vurğulayıb ki, bu, Azərbaycanın xarici siyasətində çox əlamətdar hadisədir: “Bu, iki ölkə – Azərbaycan və İsrail arasında münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək və ikitərəfli əməkdaşlığın zəruri sahələrində mühüm qərarların qəbul edilməsinə imkan yaradacaq”.

Deputat İsrailin 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk dövlətlərdən biri olduğunu və 1992-ci ilin aprelindən iki ölkə arasında diplomatik münasibətlərin qurulduğunu xatırladıb.

“Azərbaycanda, əsasən də Bakıda və Quba rayonundakı Qırmızı qəsəbədə 30 min yəhudi yaşayır. Ölkəmizdə uzun illərdir İsrail səfirliyi uğurla fəaliyyət göstərir. Vacib məqam odur ki, İsrail bizim strateji tərəfdaşımızdır, bizi bir-birimizə ciddi iqtisadi, o cümlədən enerji, hərbi əlaqələr bağlayır. Ümumiyyətlə, iki ölkə bir çox məsələlərdə bir-birini dəstəkləyir”, – deputat söyləyib.

İsraildə səfirliyin açılmasının ərəb ölkələri və İranın narazılığına səbəb ola biləcəyi ilə bağlı cəmiyyətdə gəzən söz-söhbətə gəldikdə isə, A.Nağıyev qeyd edib ki, bir sıra ərəb ölkələrinin özlərinin də İsraildə səfirlikləri var və bu barədə nə isə artıq fikir bildirməyin heç bir məntiqi yoxdur: “İran isə Ermənistanla sıx əlaqələr saxlayır və xarici siyasətini başqaları ilə hesablaşmadan aparır. Azərbaycan da eyni mövqedən çıxış edir və bundan sonra da belə olacaq”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …