Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq.
Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin Özbəkistan Kinematoqrafiya Agentliyinin rəhbəri Firdavs Abduhalikovla görüşündə bildirilib.
Görüş zamanı Azərbaycan və Özbəkistan kino sahəsində əməkdaşlıq, iki ölkə kinematoqrafçılarının birgə film layihəsinin reallaşdırılması, təcrübə mübadiləsi, hər il Özbəkistanda keçirilən ənənəvi “İpək yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında Azərbaycan tərəfinin daha geniş təmsil olunması müzakirə olunub.
F.Abduhalikov iki ölkənin kino fondlarının əməkdaşlığının uzun tarixə malik olduğunu və son illərdə daha sıx əməkdaşlıq etdiklərini qeyd edib.
Tərəflər cari ilin sentyabr ayında Azərbaycan kinematoqrafçılarının Özbəkistanda keçiriləcək XV Beynəlxalq Daşkənd Kino Festivalında iştirakının təmin edilməsi, festivala təqdim olunacaq Azərbaycan filmlərinin dublyajı, retro fimlərimizin nümayişi, festival çərçivəsində “Azərbaycan kino günləri”nin keçirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin televiziya kanallarında qarşı tərəfin bədii filmlərinin nümayişi, filmlərin qarşılıqlı mübadiləsi, tərəflər arasında əməkdaşlığa dair yol xəritəsinin hazırlanması, Bakıda “Özbəkistan kino günləri”nin təşkili məsələləri, birgə layihələrin həyata keçirilməsi, habelə ötən il Bakıda keçirilən “Özbəkistan kino günləri”ndə nümayiş etdirilən “Əbədi dostluq və qardaşlıq” sənədli filminin ikinci hissəsinin çəkilişinə dəstək barədə razılığa gəliblər.