Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kardak adalarında Rəşad Sadıqovun nəyi var?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov APOEL-lə qarşılaşmadan  sonra neçənci dəfə Rəşadı əsl dost, əsl məşqçi kimi müdafiə edib, amma nə vaxta qədər? 

“Qarabağ” srağagün Bakıda yunan APOEL-i ilə son vaxtların ən yaxşı oyununu keçirdi. Klub bu oyuna doğrudan da yaxşı hazırlaşmışdı və qələbəyə layiq idi.

Bu yunanların və ya yunanyanlıların türklərlə qəzəbinin tarixi məlumdur. Həmişə hərbdə uduzublar, itkiləri o qədər böyükdür ki, ağrısını çəkirlər. İndi də ara-sıra Türkiyəyə qarşı addımlar atırlar, bəyanatlar verirlər. Amma Türkiyənin daş-qayadan ibarət Kardak adasını belə illər öncə almağa gücləri yetmədi.

Bizi də niyə sevmədikləri məlum. Biz də türkük.  “Qarabağ” isə təkcə Azərbaycanın deyil, az qala bütün dünya azərbaycanlılarının klubudur. Bu səbəbdən Almeydanın, Zubirin və ya Maksimin hansı dildə danışmasının onlar üçün əhəmiyyəti yoxdur. Türklərdir, uduzmamalısız… APOEL-də barmaqla sayılacaq kiprli  yunan var. Amma bir yunan klubu. Bu səbəbdən   “Düdelanj”a öz meydanlarında uduzsalar da, Bakıda çox vurnuxdular ki, qalib gəlsinlər, o alınmayanda isə  bir xal aparmaq üçün dirəşdilər.

Rəşad Sadıqov APOEL ile ilgili görsel sonucu

“Qarabağ” bu qarşılaşmada çox üstün oynadı. Xüsusilə Miçel, Almeyda, Kintana…  Bu oyunda uduzsaydılar belə, mən yenə onları təriflərdim. “Qarabağ” üç xalı haqq etmişdi, amma olmadı. Niyə olmadı? Hə, gəldik, Rəşadın səhvinə…

Tərifi deyirsənsə, gərək obyektiv olaraq pis tərəfini də deyəsən. Bilirəm, indi Rəşadı tənqid edənlər olduğu kimi, onu müdafiə edənlər də olacaq. Olsun. Rəşad illərdir, qapımızı hücumlardan qoruyur, müdafiə olunmaq onun da haqqı. Rəşad Azərbaycan futbolunun inkişafı üçün  bacardığından daha artığını edib. 2017-ci ilin oktyabrında  tərk etdiyi Azərbaycan milli komandası həm də onun bacarıqlı oyunu sayəsində ağır məğlubiyyətlər dövrünü keçdi, qələbələr qazandı, milyonlarla azarkeşə sevinc bəxş etdi (indi ona da həsrətik). Rəşadın seçmə mərhələlərin birində Norveçlə oyunda öz qapımıza vurduğu topdan sonra əli ilə başına vurduğu epizodu APOEL-ə oyunda etdiyi səhvdən sonra yenə xatırladım. Hələ o  vaxt bunu belə izah etmişdim ki,  Rəşad daha çox getmək qərarını qətiləşdirmədiyi üçün özünü qınayırdı həmin epizodda. APOEL-lə oyunda sonuncu müdafiəçinin bu cür səhvini topun sürüşməsi, ayağın büdrəməsi kimi izah etmək mümkündür. Amma Rəşad kimi peşəkarlara bu cür sözlər boş və mənasız təskinlik kimi görünəcək.  Haqq deyiriksə, Haqqa tapınan Rəşad da gərək sezonun sonunda bir qərar versin. Sənə bu təskinlik, sənə bu müdafiə lazımdırmı, qardaş? Rəşadın nə vaxtsa getməsi klubun işini çətinləşdirəcək, yeri görünəcək, amma hər şey  bir yerə qədər… Hələ iki il əvvəl “Məncə, milidən ayrılmaq qərarı böyük futboldan ayrılmağın baş məşqidir, yəqin Rəşad tezliklə ”Qarabağ”la da vidalaşmağa özünü hazırlayır. Yaxşı yol, Rəşad… Sən Azərbaycan futboluna adını qızıl hərflərlə yazdırmağı haqq etdi. Tamaşaçı alqışların halalın olsun…” yazmışdım. Rəşad isə getmədi. İlin ortasında, deyəsən, “Qarabağ”la  müqaviləni yeniləməyə qərar verdi. Unudanlar üçün deyim ki, Rəşad 2011-ci ildən indiyədək Ağdam klubunda çıxış edir… APOEL-lə oyundan sonra “İstefa!”, “Rəşad, get!” kimi stadionda səslənən şüarları artıq hesab edirəm, amma onları səsləndirənləri başa düşürəm.   

Rəşad Sadıqov APOEL ile ilgili görsel sonucu

Qurban Qurbanov matçdan sonra Rəşadı neçənci dəfə müdafiə edib. Əsl dost kimi. Əsl məşqçi kimi. “Rəşad Sadıqov bu komandaya lazımdır. Bir epizoda görə futbolçunu silmək olmaz. Birinci qolda top Maksimin kürəyinə dəymişdi. Yaxşı ki, Rəşada dəyməyib, yoxsa bununla bağlı da başqa fikirlər olardı. Onun qədrini bilməliyik. Azarkeşin haqqıdır, məni də istefaya çağıra bilərlər, deyə bilərlər ki, karyerasını bitirsin. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, ancaq hamısı bizimlədir” – deyə baş məşqçi bildirib.

“”Qarabağ”ın Rəşada ehtiyacı var”. Bunu illərdir ki, eşidirik. “Qarabağ” axı niyə bu boyda futbol dünyasında bir-iki müdafiəçi tapa bilmir? Kuba dediyimiz polyak (səhv etmirəmsə) yaxşı müdafiəçi idi. Niyə getdi? Yəni Rəşad bu qədər əvəzedilməzdir? Ola bilsin, klubda sözü keçir, avtoritet kapitandır, vətənpərvərdir və sairə. Bunların hər biri doğrudur, amma zaman yerində durmur. Qurban Qurbanov yaxşı olar ki, bu suallara cavab versin: Niyə Rəşadsız olmaz ki? Niyə onu əvəz edən müdafiəçi yoxdur? Yaxşı, bu ölkədə tutalım yoxdur, bəs xaricdə, elə bu yanımızdakı Rusiyada müdafiəçi yoxdur?  Kim deyir ki, Rəşadı oynatma. Oynasın, amma  o yaşda  oyunçular klub 2 top üstün olanda meydana buraxılır. 37 yaş müdafiəçi üçün kritik həddir, həm də dünya futbolu artıq 20-30 bundan əvvəlki deyil. İndi müdafiəçi olmaq üçün oyunçudan daha  çox bacarıq tələb olunur.

Reshad Sadiqov (1).jpg (91 KB)

Yeri gəlmişkən, ilk qol da 24 yaşlı Ailton Silvanın  qaydanı pozduğu epizoddan sonra qapımıza girdi. Braziliyalı “Sevilya” ilə Bakıdakı oyunda da hücumçuların qarşısını almaqda çətinlik çəkirdi. İndi də oyunçunu yıxdı və qapımızdan qol buraxdıq. Bu qol epizodunda qapıçı Beqoviçin səhvi də vardı. Ona “çox təcrübəlidir” deyirlər, mən isə hələ ki onun yaxşı saqqız çeynəməyini qeyd edə bilərəm. Düzdür, Ailton səhvini düzəltdi, rəqib qapısına çox vacib qol vurdu. Zənnimcə, onun yeri haradırsa, amma müdafiə  deyil. 

“A” qrupunda yerimizi 6 xala çatıb möhkəmləndirə bilməsək də, turnir cədvəlində yenə də 2-ci yerdəyik. Yunanlar bir xala top tapmış uşaq kimi sevinirlər. Hər halda, bizdən üç xal geri və qrup sonuncusu olsalar da, öz hesablamaları var və ikincilikdən dəm vururlar. “Qarabağ” Bakıdakı kimi oynamağa davam etsə, mərhələni mütləq keçəcək. Növbəti oyun gələn ay APEOL-in meydanındadır. Elə oynayaq ki, uduzmayaq. Kardak adaları və “Qarabağ” amanatı…

Nazim SABİROĞLU,

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …