Son iki ayda zooloqlar Botsvanada fillərin ölüm hallarının artmasını qeydə alıblar. Bu müddətdə yüzdən çox heyvan tələf olub. Bəzi mütəxəssislərin fikrincə, əsl fəlakət sayıla biləcək belə göstəricilər bu Afrika dövlətinin hakimiyyət orqanlarını da təşvişə salır.
Euronews agentliyinə istinadla xəbər verir ki, bu hadisənin əsas səbəbi iqlimlə bağlıdır. Botsvanada fillərin qorunması üzrə milli proqramın əlaqələndiricisi Tinaapi Madiri hesab edir ki, güclü quraqlıq kimi təbii hadisələrin sayının daha da artacağı gözlənilir, bu isə ilk növbədə fillərin populyasiyasının azalmasına təsir göstərəcək.
Fillərin özlərinə yem tapmağa vərdiş etdiyi otlaqların yaşıl örtüyü quraqlıq səbəbindən demək olar ki, tamamilə məhv olub. Çayların və digər sututarların sayı xeyli azalıb. Gündə azı 3 sentner ot və yarpaq, azı 100 litr su tələb edən heyvanların bu şəraitdə salamat qalması demək olar ki, qeyri-mümkündür.
Botsvananın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına görə, cəmi bir həftə ərzində nazirliyin əməkdaşları milli parkda 10-dan çox filin tələf olmasını qeydə alıblar.