Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ötən il Naxçıvanda 2 524 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib

Ötən il Naxçıvanda 2 524, bu ilin 4 ayı ərzində isə 1 320 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib.

Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fərid Bağırzadə deyib.

O bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir. Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsinin həkim komissiyası 7 iş günü ərzində həmin şəxslə bağlı göndərişi tərtib edir. Əgər diaqnozun dəqiqləşdirilməsi üçün şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilərsə, bu müddət əlavə olaraq 10 iş gününə uzadıla bilər. Göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminə göndərilir. Göndəriş müvafiq alt sistemə qəbul edildikdən sonra göndərişi verən həkim komissiyasına göndərişi təsdiq edən vəzifəli şəxsləri və əlilliyi qiymətləndirəcək şəxsləri birbaşa və ya dolayı yolla müəyyən etməyə imkan verən məlumatlar sistem üzərində avtomatik olaraq şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndəriş əlilliyin qiymətləndirilməsi məqsədilə sistem üzərindən tibbi-sosial ekspert komissiyasına göndərilir. Tibbi-sosial ekspert komissiyası 10 iş günü ərzində sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlilliyin təyin olunub-olunmaması qərar verir. Həmçinin həmin şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacın olub-olmamasına dair tibbi göstəriş verir. Əlilliyin müəyyən edilib-edilməməsinə, həmçinin bunun səbəbi ilə bağlı sms bildirişi vətəndaşın mobil telefonuna göndərilir.

Qeyd edək ki, muxtar respublikada sağlamlıq imkanlarının məhdudluğunun təyin olunması Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi üzərindən həyata keçirilir. Müvafiq komissiyanın qərarından narazı qalan vətəndaşlar Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və ya nazirliyin 255 qısa nömrəsi, eləcə də 545 -64 -58 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərlər. Qeydiyyatdan keçdikdən sonra əyani müayinəyə dəvət olunmaqla qiymətləndirilmə aparılır.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …