Prezident İlham Əliyev “Ermənistan istəməsə, sülh olmayacaq” mesajı ilə seçimi qarşı tərəfin öhdəsinə buraxdı, Azərbaycan üçün rəsmi İrəvanın sülhü və yaxud da onun alternativini seçməsinin elə bir ciddi əhəmiyyəti yoxdur… İndi Vaşinqton sənədində qeyd edildiyi iddia olunan “etnik azlıq” termini ilə qarışan Ermənistanın gələcək taleyi böyük ölçüdə rəsmi İrəvanın “sülh düsturu”nu doğru təhlil edə bilib-bilməyəcəyindən birbaşa asılıdır…
ABŞ Cənubi Qafqazda sülh prosesini bərpa etməyə nail olub. Artıq bir neçə gündür ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda yekun sülh sazişinin ilkin variantını intensiv şəkildə müzakirə edirlər. Ona görə də, Ağ Evin vasitəçilik mssiyası da ciddiyə alındığından müsbət nəticələrin ola biləcəyinə yönəlik ümidlər təəccüblü deyil. Və bu baxımdan, Vaşinqtondan gələn hər bir məlumat xüsusi həssaslıqla qarşılanmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, sülh danişiqlarının harada və hansı ölkənin vasitəçiliyi ilə keçirilməsindən asılı olmayaraq, rəsmi Bakının mövqeyi konkret və prinsipialdır. Azərbaycan sülh sazişinin imzalanması məqsədilə beynəlxalq hüquq normalarına əsaslanan beş prinsip irəli sürülüb. Və sülh danışıqlarında bu beş prinsipin əsas baza kimi qəbul edilməsində israrlı davranır.
Vaşinqton görüşü hələ davam etsə də, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə prinsipial mövqeyini artıq açıqlayıb. Azərbaycan lideri vurğulayıb ki, Ermənistan fəaliyyətini artıq dayandırmış Minsk Qrupu dönəmində tutduğu taktikanı bundan sonra davam etdirə bilməyəcək: “Əgər Ermənistan sülh istəmirsə, deməli, sülh olmayacaq. Onda kommunikasiyalar da açılmayacaq. Ermənistan yenə də təcrid edilmiş vəziyyətdə qalacaq”.
Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistanın siyasi rəhbərliyinə növbəti sərt xəbərdarlıq anlamı daşıyır. Belə anlaşılır ki, sülh danışıqlarının illərlə uzadılması və indiki “nə hərb, nə də sülh” vəziyyəti Azərbaycanı qətiyyən qane etmir. Yəni, rəsmi Bakı Ermənistanın “kaprizlər”inin sona çatacağı vaxtı gözləmək niyyətindən uzaqdır. Ermənistan sülh danışıqlarında bundan sonra da qeyri-konstruktiv mövqe tutarsa, rəsmi Bakı beynəlxalq hüquq normaları çərçivəsində davranacaq, özünə aid olanı geri alacaq və Azərbaycanın inkişaf perspektivləri barədə düşünəcək.
Rəsmi Bakı Vaşinqton görüşündən əvvəl birmənalı şəkildə bəyan edib ki, sülh danışıqları prosesi Azərbaycan və Ermənistanın qarşılıqlı olraq, bir-birinin ərazi bütövlüklərini tanımalarını özündə əks etdirməlidir. Yəni, rəsmi İrəvanın “Dağlıq Qarabağ” mövzusunu danışıqlar masasına gətirmək üçün istənilən cəhdi prosesi yenidən poza və yarımçıq buraxa bilər. Və rəsmi Bakı bu prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil.
Onu da qeyd edək ki, rəsmi Bakı “Dağlıq Qarabağ” mövzusunu birmənalı şəkildə Azərbaycanın daxili işi hesab edir. Azərbaycanın daxili işlərinə başqalarının qarışmasına isə qətiyyən imkan vermir. Rəsmi Bakı Qarabağ regionunda yaşayan erməni sakinlərə yalnız Azərbaycan vətəndaşlığı və ölkə Konstitusiya ilə digər vətəndaşlar üçün təmin edilən hüquq və azadlıqları vəd edir. Və Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin bundan artığına ümid bəsləməsi üçün heç səbəb mövcud deyil.
Göründüyü kimi, rəsmi Bakının beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi prinsipial və qətiyyətlidir. Ona görə də, sülh prosesinin uğur qazanması indi rəsmi İrəvanın da nəhayət ki, beynəlxalq hüquq normalarının tələblərinə riayət edib-etməyəcəyindən asılıdır. Halbuki, Ermənistanda hələ də hansısa uydurma “qırmızı cizgilər”dən danışmaqda davam edirlər.
Paşinyan hakimiyyətini təmsil edən deputat Gevorq Papoyan Vaşinqtonda iki ölkə arasında əsas müzakirə edilən mövzularda Ermənistanın 29800 kvadrat kilometrlik ərazisinin də yer aldığını vurğulayıb: “Ərazi bütövlüklərinin tanınması, Ermənistana qarşı ərazi iddiasının edilməməsi və “artsax” mövzuları müzakirə edilir”.
Digər erməni deputat Sarkis Xandanyan isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton danışıqları nəticəsində hər hansı sənədin imzalanacağına inanmadığını vurğulayıb. Onun dediyinə görə, hazırda müzakirələr yalnız sülh sazişinin mətni üzərində aparılır: “Ermənistanın qarşısında olan əsas vəzifə davamlı sülhə, Azərbaycanla münasibətlərin normallaşdırılmasına və “Dağlıq Qarabağ” ermənilərinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir”.
Belə anlaşılır ki, rəsmi İrəvan “Dağlıq Qarabağ” mövzusundan əl çəkmək istəmir. Halbuki, rəsmi Bakının bu “mövzu” üzərindən Ermənistana manipulyasiya imkanı verəcəyi artıq qətiyyən inandırıcı deyil. Belə ki, bəzi məlumatlara görə, rəsmi Bakı Ermənistanın “Dağlıq Qarabağ” erməniləri ilə bağlı mövzunu gündəmə gətirmək cəhdlərinə dərhal Qərb Azərbaycanlılar məsələsi ilə cavab verib.
Məsələ ondadır ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyinin təmin edilməsinin Azərbaycanın daxili işi olduğunu gündəmə gətirib. Yəni, Azərbaycan bu məsələni heç kimin müdaxiləsi olmadan özü həll etməkdə qərarlıdır. Ancaq rəsmi İrəvan bu “mövzu”da israrlıdırsa, onda Ermənistandan qovulmuş Qərbi Azərbaycanlıların öz yurd-yuvalarına geri qaytarılması, onların hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsini də elə indidən müzakirə etməyə hazır olmaldır.
Maraqlıdır ki, Vaşinqton danışıqlarından müəyyən məlumatların qeyri-rəsmi şəkildə sızdırıldığı da məlum olub. Həmin məlumatlarda Ermənistanın hər iki ölkədə etnik azlıqların hüquq və təhlükəsizliyi ilə bağlı məsələnin müzakirəsi ilə üzləşmək məcburiyyətində qaldığı bildirilir. Bu isə o deməkdir ki, rəsmi İrəvanın konstruktiv müzakirələrdən yayınmaq cəhdləri tamamilə yersizdir. Və bu, ilk növbədə Ermənistan üçün ciddi problemlər vəd edir.
Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistan cəmiyyətində Vaşinqton görüşü ilə bağlı yayılmış sensasion hesab edilən məlumatlar ciddi şəkildə müzakirə olunmaqdadır. Ermənistan mətbuatının iddiasına görə, həmin məlumatlar Vaşinqton görüşündə iştirak edən iki ABŞ rəsmisi arasında olan söhbət nəticəsində yayılıb. İddia olunur ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər Vaşinqton sənədində “etnik azlıq” termini ilə qeyd olunub. Halbuki, rəsmi İrəvan onların “yerli əhali” kimi qeyd olunmasına cəhd göstərirmiş.
Bu məlumatların dəqiqliyinə şübhə etməyən erməni mətbuatı hesab edir ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin Vaşinqton sənədində “etnik azlıq” termini ilə qeyd olunması Ermənistan üçün çox ciddi çağırışdır. Ermənistan mətbuatı əmindir ki, bütün bunlar Azərbaycan diplomatiyasının Vaşinqtonda növbəti qələbəsini qazanmağa nail olub. Və bundan sonra “Dağlıq Qarabağ mövzusu”nda Azərbaycanla hər hansı müzakirə mümkün olmayacaq.
Göründüyü kimi, Vaşinqtonda Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan beş baza prinsipi müzakirə edilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev də “Ermənistan istəməsə, sülh olmayacaq” mesajı ilə seçimi rəsmi İrəvanın öhdəsinə buraxıb. Çünki rəsmi Bakı üçün Ermənistanın sülhü və yaxud onun alternativini seçməsinin elə bir ciddi əhəmiyyəti yoxdur.
Bu, indi hamıdan daha çox Ermənistanı düşündürməlidir. Eyni zamanda, Azərbaycan lideri “Dağlıq Qarabağ mövzusu”nun sülh sazişinin mətninə salınmasına yönəlik cəhdlərin prosesi poza biləcəyinə eyham vurmaqla, əslində, dolayısı ilə “sülh düstürü”nu artıq elan edib. İndi Ermənistanın gələcək taleyi böyük ölçüdə rəsmi İrəvanın bu “sülh düsturu”nu həll edə bilib-bilməyəcəyindən birbaşa asılıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu