“Mayın 12-də “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılış mərasimində Macarıstanın Vesprem şəhər merinin müavini və nümayəndələri iştirak edəcək”.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.
Onun sözlərinə görə, TÜRKSOY Avropa və türk dünyasının mədəniyyət paytaxtlarını qardaşlaşdırmağa nail olub:
“Bu il yanvarın 21-də Avropanın Mədəniyyət paytaxtı Macarıstanın Vesprem şəhərinin rəsmi açılış tədbirlərinə TÜRKSOY-un və Şuşa şəhərinin rəsmi nümayəndə heyətləri qatılıb. Orada Şuşa ilə Vesprem şəhərləri arasında qardaşlaşmış şəhərlər müqaviləsi imzalanıb”.
Sultan Raev qeyd edib ki, tədbirə türk dünyasının bundan əvvəlki bütün mədəniyyət paytaxtları merlərinin də Şuşaya dəvəti nəzərdə tutulub:
“İlk dəfə keçiriləcək Türk Dünyası Mədəniyyət Forumunda türk dünyası mədəniyyət paytaxtları merlərinin də iştirakı gözlənilir”.