Bazar , 19 Yanvar 2025
Drone Cameras

Cabbar Şıktaş: Naxçıvana səfər edən hər bir turist çox gözəl təəssüratlarla qayıdır

Naxçıvana ilk dəfə 1990-cı illərdə gəlmişdim. Bu gün fərqli bir mənzərə ilə qarşılaşdım, təəccübləndim. Əvvəlki görünüşdən əsər-əlamət yoxdur. Əminəm ki, buraya səfər edən hər bir turist çox gözəl təəssüratlarla qayıdır. Naxçıvan haqqında günlərlə danışsaq, sözlərimiz, fikirlərimiz bitib-tükənməz.

“Yeşil İğdır” qəzetinin baş redaktoru, “15 Temmuz” qəzetinin təsisçisi Cabbar Şıktaş deyir.

“Naxçıvana ilk dəfə gələndə “Yeni İğdır” qəzetinin müxbiri, “Milliyyət” qəzetinin İğdır və Naxçıvan üzrə bölgə müxbiri işləyirdim. 1990-1993-cü illərdə Naxçıvanın strateji nöqtədə yerləşən Sədərək kəndi düşmən hücumuna məruz qalmışdı. 1992-ci ildə mən də bu döyüşlərin şahidi oldum, savaşın hər mərhələsini izlədim, çoxlu şəhidlər verdik. Burada iştirak edən qəhrəmanların simasında vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın əsl nümunəsini gördüm”, – deyən Cabbar Şıktaş qeyd edib ki, həmin dövrdə Ulu Öndərin Sədərəyə gəlməsi, sakinlərin yanında olması, təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Bunları deməkdə əsas məqsədim odur ki, mən Naxçıvanın dünənini yaxşı bilirəm. Bu gün bu diyar sülhün, təhlükəsizliyin əsas beşiyidir.

“Yeşil İğdır” qəzetinin baş redaktoru deyib ki, səfər ərəfəsində muxtar respublikanın ucqar kəndlərinə də gedib: “Bu yerlərin yolları da asfaltlanıb. Kəndlərə göstərilən diqqət inanılmazdır. Məktəblər kəndlərin ən gözəl binalarıdır. Gələcəyimizin qarantı olan uşaqlarımızın savadlı yetişmələri üçün təhsilə böyük əhəmiyyət verilir. Digər tərəfdən, Naxçıvan son dərəcə mükəmməl təbiətə və görünüşə sahibdir. Bunun bir səbəbi bu diyarın təbiətinin qorunması, digər bir səbəbi isə çox səliqəli və təmiz saxlanılmasıdır. Bu mədəniyyət burada yaşayan insanların sayəsində kəndlərdə də qorunub saxlanılıb. Elə Naxçıvanı gözəl edən də birlik və bərabərlikdir. Dünya bu məsələdə sizdən nümunə götürməlidir”.

“Naxçıvanda tarixi yerlər çoxdur. Bir dəfə gəzməklə bütün bunları görmək mümkün deyil. Biz bir gün əvvəl Əshabi-Kəhf ziyarətgahında da olmuşuq. Türk dünyasının tanınmış şairi Hüseyn Cavidin məqbərəsinə də getdik. Bu türbənin açılışında mən də iştirak etmişəm. Vaxtilə ümummilli lider Heydər Əliyev çox böyük bir iş gördü. İndi də Ali Məclisin Sədri Vasif Talıbov onun ənənələrini layiqincə davam etdirir. Bu onu göstərir ki, tarixi yaşadanları tarix də həmişə yaşadır və yaşadacaq”, – deyən Cabbar Şıktaş bildirib ki, o Naxçıvanda Türkiyə Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib. İğdırı yaxından tanıyan və qayğı göstərən Ali Məclisin Sədri mərasimdən sonra onların fəaliyyətləri ilə yaxından maraqlanıb. Qonaq göstərilən bu diqqətə görə minnətdarlığını bildirib.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …