Növbəti il quruma Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri rəhbərlik edəcək.
Boyukmillet.com xəbər verir ki, Qazaxıstanın Azərbaycanın Şuşa şəhərindən öncə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən tarixi Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı – imzalama mərasimi keçirilib.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv qismində qatıldığı birliyin təsis yığıncağında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov, Şimali Kipr Türk Cümhuriyyətinin Dəyərləmə Uzmanları Birliyinin başqanı Kutay Ramiz, Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baytokov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvü Elnur Əsədov, AQC sədrinin türk dövlətləri üzrə səlahiyyətli nümayəndəsi Mikayıl Mirzəzadə və digər qonaqlar iştirak edib.
Türküstan şəhərinin dünyaca məşhur Əhməd Yəsəvi Universitetində baş tutan tədbirdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Nizamnaməsi təsdiq edilib. Qeyd olunub ki, ötən ay Bakıda baş tutan “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” çərçivəsində qurumun Nizamnaməsi müzakirə edilərək qəbul olunub. Təsis yığıncağında isə Birliyin ali sənədi ratifikasiya olunub. Nizamnamədə prezidentlik və vitse-prezidentlik insitutunun formalaşdırılması, rotasiya qaydasında hər il Birlik rəhbərliyinin yenilənməsi, vitse-prezident seçilən şəxsin növbəti il prezident kimi fəaliyyətini davam etdirməsi nəzərdə tutulub. Gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr zamanı qərara gəlinib ki, peşəkar qiymətləndiricilərin yetişməsi, tədris və sertifikasiya fəaliyyəti, vahid məlumat bazasının yaradılması istiqamətində qarşılıqlı səylər artırılsın.
Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc isə vitse-prezidenti seçilib. 2024-cü ilin iyun ayında Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ikinci qurultayının Bakıda keçirilməsi, Birliyin prezidenti səlahiyyətlərinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca keçməsi barədə razılıq əldə olunub.