Bazar , 22 Sentyabr 2024
Drone Cameras

“Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu” mövzusunda beynəlxalq konfrans keçirilib


İyunun 16-da Ədliyyə Nazirliyinin, Sosial Tədqiqatlar Mərkəzinin və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan “Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. 

Boyukmillet.com xəbər verir ki, tədbirdə təşkilatçı qurumların aidiyyəti məsul şəxsləri, İnsan hüquqları üzrə Müvəkkil, Milli Məclisin deputatları, Hüquq və İnsan Haqlarının İnstitutunun rəhbərliyi, hakimlər və hakimliyə namizədlər, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin professor-müəllim heyəti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyətinin təmsilçiləri, gənc hüquqşünaslar və tələbələr, media nümayəndələri iştirak ediblər.

Eyni zamanda qardaş Türkiyənin və Rusiyanın Tatarıstan Respublikasının universitetlərinin professorları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi tədbirə videoformatda qatılıblar.

Konfransın açılışında Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, İnsan hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib, əlamətdar və tarixi günlərə həsr olunan tədbirin həmçinin “İnsan hüquqları aylığına” və 18 iyun – Milli İnsan Hüquqları Gününə töhfə olduğunu bildirib, dövlətimizin, cəmiyyətimizin həyatında dönüş nöqtəsi olan Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf yolundan bəhs ediblər.

Bildirilib ki, müstəqillikdən sonra kifayət qədər mürəkkəb bir dövrdə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçilik, qanunçuluq, demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması kimi ali məqsədlərə nail olmaq üçün mütərəqqi addımlar atıb. 

Ümummilli Liderin müdrik siyasəti nəticəsində ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanılıb, milli dövlətçiliyimiz möhkəmlənib, məhkəmə-hüquq sisteminin inkişafı, o cümlədən insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə xidmət edən islahatların həyata keçirilməsi istiqamətində çoxsaylı uğurlar qazanılıb.

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulu və Konstitusiyanın maddələrinin üçdə bir hissəsinin məhz insan hüquq və azadlıqlarına həsr olunması, bu sahədə ilk fundamental sənədin – bu il 25 ili tamam olan Fərmanın və Dövlət Proqramının qəbulu, Ombudsman institutunun yaradılması, vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafı Ulu Öndərin müstəsna xidmətlərindəndir.

Qeyd olunub ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar məhz insan hüquqlarının etibarlı müdafiəsinə, vətəndaş məmnunluğuna xidmət edir. Dövlətimizin başçısının vurğuladığı kimi, dövlət siyasətimizin mərkəzində məhz vətəndaş dayanır.

Sonra Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasına və müstəsna xidmətlərinə həsr olunan film nümayiş etdirilib.

Konfransda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyevin, Türkiyə Cümhuriyyəti Balıkesir Universitetinin rektoru, professor Yücel Oğurlunun, Ankara Universiteti Hüquq fakültəsinin dekanı, professor Muharrem Özenin və Beynəlxalq Hüquq Kafedrasının professoru Cavid Abdullahzadənin, Kazan Federal Universiteti Beynəlxalq hüquq və Avropa  hüququ kafedrasının müdiri, professor Adel Abdullinin, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynovun və BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru Əmir Əliyevin məruzələrlə çıxışları dinlənilib.

Çıxışlarda insan hüquqları elminin və tədrisinin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri, Qafqaz və Orta Asiyada post-sovet dövründə insan hüquqlarının inkişaf istiqamətləri, ekoloji insan hüquqları: regional tənzimetmə təcrübəsi, əsas insan hüququ kimi cinayət prosesində ədalətli məhkəmə araşdırması hüququ, beynəlxalq hüquqda öz müqəddəratını təyin etmə hüququ və azlıqlarinsan hüquqlarının inkişafında Avropa İnsan Hüquqları Məhkəməsinin rolu barədə geniş məlumatlar verilib, fikir və təcrübə mübadiləsi aparılıb.

Vətəndaş cəmiyyətinin nümayəndələri və digər çıxış edənlər konfransın elmi-praktiki əhəmiyyətindən danışıb, maraqlı diskussiyalar keçirilib.

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …