Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dövlət Komitəsinin yaradılmasının 22 illiyinə həsr olunan konfrans keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 22 illiyinə həsr olunan “Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və digər müvafiq orqanların rəhbər şəxslərinin, habelə dini qurumların və ictimaiyyət nümayəndələrinin iştirak edib.

Konfransı DQİDK-nin sədri Mübariz Qurbanlı giriş sözü ilə açaraq ötən müddət ərzində din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi və dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər haqqında danışıb.

M.Qurbanlı bildirib ki, hazırda Dövlət Komitəsində 179 nəfər ştatda işçi var: “Əməkdaşlardan 88 nəfəri mərkəzi aparatda, 91 nəfəri isə yerli şöbələrdə çalışır. Dövlət Komitəsində gender bərabərliyi məsələsinə də diqqət göstərilir. Belə ki, əməkdaşlarımızın 39 nəfərini qadınlar təşkil edir. Dövlət Komitəsində 6 alimlik dərəcəsi olan şəxs də çalışır”.

DQİDK sədrinin müavini Gündüz İsmayılov Komitənin 22 illik fəaliyyəti barədə təqdimatla çıxış edib: “İslam dininə aid ibadət yerlərinə din xadimlərinin təyinatı ilə bağlı birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: “Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib. Üçüncü vakansiya ilə bağlı sənəd qəbulu isə başa çatıb”.

Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb: “Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib”.

G.İsmayılov qeyd edib ki, 2009-cu illə müqayisədə 2023-cü ildə dini qurumların qeydiyyata alınması prosesi iki dəfə çoxalıb: “Belə ki, 2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə isə dövlət qeydiyyatına alınan dini qurumların sayı 1002-dir”.

Dövlət Komitəsinin sədr müavini bildirib ki, 2009-cu ildən bu günə qədər ləğv edilən dini qurumların sayı 7-dir: “Hazırda ölkədə 958 islam, 37 isə qeyri-islam təmayüllü dini qurum dövlət qeydiyyatına alınıb”.

Ardınca Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, DQİDK tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonda DQİDK-nin yaradılmasının 22-ci ildönümünü ilə bağlı Dövlət Komitəsində qulluq keçən və xidmətdə fərqləndiyinə görə Komitə sədrinin əmri ilə təltif olunan əməkdaşlara “Fəxri Fərman”lar təqdim edilib.

Check Also

Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır

Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Boyukmillet.com xəbər verir ki, bunu Dini …