Bazar , 24 Noyabr 2024
Drone Cameras

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

Ədliyyə Nazirliyinin kadr korpusunun möhkəməndirilməsi tədbirləri çərçivəsində yerli qurumlarda vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı davam edən müsabiqə üzrə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 11-də növbəti qrup namizədlərlə test imtahanı keçirilib.  

Boyukmillet.com xəbər verir ki, test imtahanında iştirak üçün elektron qaydada qeydiyyatdan keçmiş namizədlərin təxminən yarısı bölgələrin təmsilçiləri və əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq arzusunda olanlardır, hər üç nəfərdən biri isə qadınlardır. 

123 namizədin iştirak etdiyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə “on-line” rejimində birbaşa canlı yayımlanıb. 

İmtahanın nəticələrinə görə 63 nəfər müvəffəqiyyət qazanıb, onların siyahısı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Xatırladırıq ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

Eyni zamanda bildirilir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən müsabiqə üzrə hazırda ərizələr qəbul edilir və müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. 

Əlavə informasiyanı nazirliyin internet səhifəsində “Qulluğa qəbul” bölməsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …