Hər kəsə məlumdur ki, artıq 4 ay olar dərin böhran vəziyyətinə düşmüş Vətəndaş Cəmiyyətinin yenidən həyata qaytarılmasına, necə deyərlər reanimasiyasına çox böyük ehtiyac duyulur. Çünki VC-ni çulğamış böhran – korrupsiya, intriqalar, qütbləşmə, tayfabazlıq, dost-tanış, əvvəlki iş yerindən gətirilmə kadrlar, qohumlar, xalaqızılar və s. ged-gedə bu sahəni şaxələndirir, əsl istiqamətini başqa məcraya döndərir. Əgər geciksək, sonradan bu, ağır xəstə duruma düşmüş QHT sektorunu əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayacaq. VC-nin bu durumdan xilası və nicatı vicdanlı, vətənpərvər, ədalətli, sözün əsl mənasında təmənnasız insanların əllərindədir. QHT sektoru çox həssas və spesifik sahədir. Hansısa QHT sədrindən və ya evinə, övladına çörəkpulu aparan, illərini bu sahəyə sərf etmiş Agentliyin sıravi əməkdaşlarından nəyinsə qisasını almaqla dövlətin belə çətin və taleyüklü sahəsini idarə etmək olmaz! İdarəçi təmkinli, müdrik, ən əsası isə humanist olmalıdır, qərəzli, hikkəli və qəddar deyil!
Biz QHT sektorunda son vaxtlar baş verənlərlə bağlı dövlətin rifahı naminə nə yazırıqsa, adını qərəz, xəyanət, nə bilim dövlətə qarşı çıxan deyirlər. Nə vaxtdan bəri korrupsionerin, haqsızlığın ifşası dövlətə qarşı çıxmaq adlanıb?! Bəlkə, tam tərsini, əksini düşünürsünüz?
Yaxşı, biz Güclü Azərbaycan Naminə VC müstəvisində baş verənləri bir neçə QHT sədri öz təşəbbüsümüzlə ictimasi nəzarətə götürmüşük.
Artıq açıq şəkildə bizə qarşı hücuma keçiblər, media şoubiznes adamlarının səviyyəsiz söz-söhbətlərinə yer ayırdığı qədər vətəndaş cəmiyyətinin haqlı səsinə yer ayırmır. Deyirsiniz ki, biz əyri yoldayıq, səhv hərəkət edirik! Buyurun, siz düz yoldasınız, fəaliyyətiniz də göz qabağında, tam şəffafdır!
Sizin bir neçə düz və şəffaf fəaliyyətinizlə bağlı faktlar təqdim edirəm, buyurub cavablandıra bilərsiniz:
- QHT Agentliyində işləyən hamımızın yaxşı tanıdığı bir əməkdaşın xalası qızı 10-dan şox təşkilatın layihəsini idarə edir (aidiyyəti qurumlara maraqlı olsa,
faktlarla təqdim edərəm). - Xeyli sayda ölü təşkilatı QHT sektoruna gətirməklə guya yenilik gətirilib. Lazım olsa, konkret faktları qurumlara təqdim edərəm. Hamı hər şeyi yaxşı bilir.
- Bir yüksək vəzifə tutan xanım məmura bağlı 8 QHT layihə alır.
- Bir qəzet redaksiyasının 2-3 əməkdaşının adına ölü QHT-lər alınır və hər üçünə də ayrı-ayrılıqda layihə verilir.
Sadalamaqla bitmir, qulaq asan da yoxdur.
Ancaq bizi tutdurmaqla, bizə qarşı cinayət işi başlamaqla, QHT-mizi bağlamaqla hədələyirsiniz. Buyurun, hansı cinayətin sahibiyik?
P.S. Şəxsən mənim məhkəməmin açıq keçirilməsini tələb edəcəyəm!
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova