1-10 sentyabr 2023-cü il tarixlərində Ankara şəhəri Etimesqut bələdiyyəsi tərəfindən təşkil edilmiş 25-ci Beynəlxalq Anadolu Günləri Mədəniyyət və İncəsənət Festivalının final günü çərçivəsində Səfirliyin və Etimesqutla qardaşlaşmış şəhər olan Şirvan Şəhəri İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Günü” keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, həmçinin Şirvan şəhər Mədəniyyət mərkəzinin kollektivi tərəfindən mədəni proqram nümayiş etdirilmiş, Azərbaycan mahnıları və milli rəqsləri ifa olunmuşdur.
Konsert proqramı Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı meydana toplaşmış minlərlə izləyici tərəfindən böyük maraq və coşquyla qarşılanmış, Azərbaycan-Türkiyə qardaşlığının tərənnümünə çevrilmişdir. Festival çərçivəsində Səfirlik tərəfindən qurulmuş Azərbaycan stendi də ziyarətçilərin böyük marağına səbəb olmuş, həmin gün stendi ziyarət edən şəxslərə milli şirniyyatlarımız ikram olunmuşdur.
Bu ilki festivalda Şirvan Şəhəri İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və Şirvan Şəhəri şəhər bələdiyyəsi sədri Kürdoğlu Muradovun başçılıq etdiyi, Şirvan ictimaiyyəti nümayəndələri və Şirvan musiqi kollektivindən ibraət geniş tərkibli nümayəndə heyəti iştirak etmişdir.
Mədəni proqramın ardınca səfir Rəşad Məmmədov tərəfindən Etimesqut Bələdiyyəsinin sədri Ənvər Dəmirələ və Şirvan Şəhəri İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevaya xatirə hədiyyələri, Ənvər Dəmirəl tərəfindən səfir Rəşad Məmmədova və Aynur Fərzəliyevaya plaket, Şəhəri şəhər bələdiyyəsi sədri Kürdoğlu Muradov tərəfindən Ənvər Dəmirələ xalça hədiyyə edilmişdir.
Şirvan şəhər nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində həmçinin 8 sentyabr tarixində Manisa şəhərində səfər etmiş, Şirvan və Manisa şəhər bələdiyyələri arasında qardaşlaşmış şəhər əlaqələrinin qurulması haqqında protokol imzalanmışdır.
Boyukmillet.com