19 sentyabr 2023-cü il tarixdə erməni silahlı birləşmələri tərəfində baş verən terror hadisəsi ilə bağlı Əsgər Ailələrinə Dəstək ictimai birliyi, Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı keçirilən lokal antiterror tədbirlərinə dəstək veriblər.
Bəyanat
Azərbaycan xalqı əsrlərdir erməni terrorundan əziyyət çəkir. İstər ötən əsrin əvvəllərində, sonlarında, hazırda yaşadığımız əsrdə ermənilərin insanlıq əleyhinə cinayətləri nəticəsində minlərlə Azərbaycan insanı evini, yurdunu itirib. İnsan tələfatları baş verib. Əsir və girov götürülənlərimiz olub.Hələ də yüzlərlə insanın taleyi qaranlıq qalıb.
44 günlük Vətən müharibəsində qəhrəman Ordumuzun qazandığı Şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilmədi.
Üç il ərzində 314 vətəndaşımız mina terrorundan zərər çəkib. 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni terrorçularının açdığı xain gülləsinin qurbanı olub.
Növbəti terror nəticəsində isə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində 7 DİN-in əməkdaşı hadisə yerində həlak olub.Şuşada bir nəfər və iki nəfər də digər ərazidə həlak olublar.
Bütün bunlar göstərir ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər hələ də qalmaqda davam edir. Azərbaycan dövləti hər zaman sülhün tərəfdarı olub. Sülhə yönəlik addımları atmaqda davam edir.
Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən Şuşa, Zəngilan, Laçın, Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv həyata keçirdiyi təxribatlar günahsız insanlarımızın həyatına son qoyur.Yenə də analar övladsız, qadınlar ərsiz, uşaqlar yetim qalırlar. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini qorumalıdır. Bu yöndə də addımlar atır.
Əsgər Ailələrinə Dəstək ictimai birliyi, Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi Azərbaycan dövlətindən, Müzəffər Ali Baş Komandandan, Azərbaycan Ordusundan xahiş edirik ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları sonadək, qanunsuz erməni silahlı dəstələri bölgədən çıxarılanadək davam etdirsin. Bu müqəddəs işdə Dövlətimizin, Ordumuzun, Ali Baş Komandanımızın yanındayıq. Xalqimizi həmrəyliyə çağırırıq.Tanrı Xalqımızı,Ordumuzu, Dövlətimizi qorusun!
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı
Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı