Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Məktəbliyə zorakılıq edən məmur uşaq evinə direktor təyin olundu

Lənkəranda məktəbliyə qarşı zorakılıq edən Lənkəran RİH başçısının sabiq müavini Rasilə Arifqızı uşaq evinə direktor təyin olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilir ki, R. Arifqızı Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.

Uşaq evinin direktoru Mehriban Səfərovanın bir qədər əvvəl tutduğu vəzifədən kənarlaşdırıldığı deyilir.

Xatırladaq ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb və icra başçısının müavini vəzifəsindən azad edilib.

İstintaqla Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib. Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rasilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.

Qeyd edək ki, uşaq evləri icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərir.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …