Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: Mən təklif edərdim ki, diasporumuzun koordinasiyasinı Xarici İşlər Nazirliyi həyata keçirsin

Erməni radikallar sentyabrın 29-da ABŞ-ın Cənubi Kaliforniya Universitetində Türkiyənin ictimai diplomatiyası mövzusunda keçirilən konfransın iştirakçılarına hücum ediblər.

Qarabağın tam olaraq Azərbaycanın nəzarətinə keçməsi və ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsi dünyanın müxtəlif ölkələrində erməni lobbisini “hərəkətə” gətirib, onlar antiazərbaycan və antitürkiyə fəaliyyətlərini gücləndiriblər.

Bəzi təhlilçilər Azərbaycanın uğurlu antiterror əməliyyatından sonra ASALA-nın yenidən peyda olacağını istisna etmir.

Ermənilərin bu yöndə ola biləcək “fəaliyyətini” neytrallaşdırmaq üçün hansı addımlar atılmalıdır və ən əsası, diasporumuzun koordinasiyalı fəaliyyəti necə qurulmalıdır?

Samir Adıgözəlli: “Vətən müharibəsi və suverenliyimizin bərpası diasporumuzun da qarşısına fəaliyyət istiqamətlərini artırmaq və təkmilləşdimək üçün yeni öhdəliklər qoydu”.

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra erməni diasporunun bizə və türkiyəli qardaşlarımıza qarşı fəallaşacağı gözlənilən idi: “Bizim üçün xarici fəaliyyətdə yeni bir mərhələ yaranır. Həm Qərb mediasının, həm də erməni diasporunun bizə olan total hücumlarını neytrallaşdırmaq üçün kompleks fəaliyyət ortaya qoymalıyıq. Ermənilər köklü terror ənənələrini yaşadırlar. Tarixən də belə olub ki, onlar ASALA-nın əli ilə bizim ziyalılarımızı və türk diplomatlarını qətlə yetiriblər. Dünyada gedən proseslərin fonunda müəyyən ölkələr bu məsələdə erməni diasöruna öz dəstəklərini əsirgəməyəcək.

Buna görə də biz fəaliyyətimizi yeni reallıqlara uyğun şəkildə tənzimləməliyik. Mən təklif edərdim ki, bu koordinasiyanı Xarici İşlər Nazirliyi həyata keçirsin. Azərbaycan diaspor təşkilatları, mədəniyyət mərkəzləri daha da aktivləşməlidir. Bizə yönəlik təxribatlar çox olacaq. Eyni zamanda xarici ölkələrdəki səfirliklərimizin mühafizəsi təşkil edilməlidir. Xüsusən də, erməni diasporunun ideoloji mərkəzi hesab olunan Amerikanın Erməni Milli Komitəsi (ANCA) bu baxımdan daha da fəallaşıb. Ermənilər tərəfindən, demək olar ki, bütün terror və təxribatların törədilməsinin ideloji və maliyyə mənbəyi ANCA-dır.

Çünki ANCA bir çox erməni terror təşkilatlarına maliyyə dəstəyi göstərir. Bütün bu fəaliyyətlər planlı şəkildə həyata keçirilir. Bunun üçün ANCA hələ 2021-ci ildə anti-Azərbaycan və anti-Türkiyə prioritetlərini açıqlayıb. Azərbaycana hərbi yardımı dayandırmaq və Qarabağdakı separatçı rejimə dəstək də bu prioritetlərə daxil edilmişdi. ANCA və onun yerli bölmələri Ağ Ev, Dövlət Departamenti və Konqres üzvləri ilə daimi işləyir və onları ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmağa çağırır. Artıq dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini daha da inkişaf etdirmək, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək istiqamətində bir sıra layihələr həyata keçirilməlidir. Bütün bunlar da diaspor təşkilatlarının fəaliyyətinə motivasiya verib.

Onlar Azərbaycanın haqq səsinin müdafiəsi, erməni terrorizminin ifşa olunması ilə bağlı həmrəylik nümayiş etdirməlidir. Müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib. Beynəlxalq aləmdə KİV ilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə sıx əlaqələrin qurulması zərurətə çevrilib. Həmçinin Azərbaycan həqiqətlərini yaymaq, Ermənistanın siyasətini ifşa etmək üçün xarici KİV-də mütəmadi olaraq məqalələr işıqlandırılmalıdır. Vətən müharibəsi və suverenliyimizin bərpası diasporumuzun da qarşısına fəaliyyət istiqamətlərini artırmaq və təkmilləşdimək üçün yeni öhdəliklər qoydu. Artıq xaricdəki soydaşlarımız daha mütəşəkkil formada təbliğat və təşviqatlarını aparmalıdırlar. Hər şeydən öncə, təbliğatın ideoloji hədəfləri təyin edilməlidir. Yəni təbliğat mexanizmi ideologiya əsasında həyata keçirilməlidir. Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …