Bakı şəhəri Xətai rayonu Seyid Əzim Şirvani küçəsi, 23/19 ünvanındakı tikilini 2006-cı ildə Rüstəmov Rövşən adlı sahibkar başlayıb. Rövşən inşaat işləri ilə məşğul olmaq üçün əvvəl “Rövşən”, sonradan isə”Hidayət-N” adlı Mənzil-Tikinti Kooperativi yaratmışdı. İşləri də pis getmirmiş.
Vaxtaşırı xeyriyyə işləri ilə məşğul olub, imkansızlara əl tutub. Uğur qazandıqca imkanlıların da gözünə girməyə başlayıb. Yavaş-yavaş etibarından sui-istifadə etməyə başlayıblar. Bu gedişlə Rövşən Rüstəmova külli miqdarda borcu yaranan imkanlı adamlar da peyda olub.
Aralarında yaranmış mübahisə nəticəsində Rövşən Rüstəmov güllələnərək qətlə yetirilib. Qətl hadisəsindən sonra mərhum Rövşən Rüstəmovun sahibkarlıq fəaliyyətini həyat yoldaşı Rüstəmova Venera Əhəd qızı davam etdirib. Amma düşmənləri ona hərtərəfli təzyiq göstərməyə başlayıblar. Həmin maneələr hazırda da davam edir.
Təzyiqə məruz qalan tək Venera xanım deyil,binada məskunlaşmış bəzi sakjnlər, həmçinin, xüsusilə onun bir qohumu- polis əməkdaşı daha çox şiddətlə qarşılaşır, həm də ailə üzvləri ilə birlikdə.
Bina sakinlərinin boyukmillet.com xəbər saytına göndərdikləri şikayət məktubunda göstərilənlərə əsasən bütün bu əməllərin görünən siması özünü Vəkillər Kollegiyasının üzvü kimi tanıdan vəkil Abdullayev Fərid Kazım oğludur.
Bu şəxs bəhs etdiyimiz yaşayış evində mənzil almış qohumunun yanına köçəndən sonra tədricən bəzi qonşuları müxtəlif yollarla ələ alaraq MTK sədri Venera xanıma qarşı qaldırmağı bacarır. Çoxuna da kupça düzəltmək vədi verir. Fəridin fırıldağını başa düşənlər isə o və onun adamları tərəfindən sıxışdırılır. Hətta zabit ailəsinə də dil uzadırlar.
Milli Qəhrəman İmran Rzayevin bacısı Miranə xanım Ağayeva da işbaz vəkilin qəzəbinə tuş gəlib. Miranə xanım özü də bizə bu barədə məlumat verdi. Onun və başqalarının dediklərinə görə yuxarıda bəhs etdiyimiz polis nəfərinin yaşayışı getdikcə dözülməz şəkil alır. Fərid Abdullayev qoçuları ilə bu ailənin şəraitini pis hala salıb.
Özü bəs deyil, indi də həyat yoldaşına, qızına qarşı provakasiyalar edir, bu yolla onları dava-dalaşa cəlb etmək istəyirlər ki, bundan istifadə edib onlara qarşı hansısa qanuni qərar çıxarılmasına nail olsunlar. Məqsəd polisin ailəsini binadan köçürməkdir.
Çünki öz əməllərinin qarşısında ən böyük maneə onları görürlər. Adını çəkmədiyimiz polis əməkdaşı qanunun tələblərini digərlərindən yaxşı bildiyi üçün hələki əsəblərinə hakim ola bilir. Amma hər şeyin bir həddi var. Həddi aşanda hər şey aşıb daşır. Bu adamın gözünün qabağında həyat yoldaşına əl qaldırırlar,qızını vururlar, itələyirlər, özünü də həmçinin.
Nə etsin? Özünümüdafiə edə də bilmir ki, birdən şərə düşər. Görür qarşısındakı hiylə işlədir, məqsədli işlər görür. Təhrik edir ki, polisin əlindən xəta çıxsın, ondan sonra bunlar haray-həşir salıb polis əməkdaşı işdən qovdurub məsuliyyətə cəlb etdirsinlər.
Sakinlərin müraciətini və bu yazımızı əlaqədar təşkilatların, hüquq-mühafizə orqanlarının nəzərinə çatdırıb ölçü götürülməsini rica edirik. Məsələni diqqətdə saxlayıb mövzunu davam etdirib əlavə məlumat verəcəyik.
Sima Babayeva,
Boyukmillet.com