Azərbaycan Respublikasının dinamik inkişafı çoxşaxəlidir. Bütün sahələrdə olduğu kimi, inkişaf və tərəqqi ölkənin ekologiyasının qorunması və yüksəldilməsində də özünü göstərir. Ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan ardıcıl addımların respublikamızın və eləcə də, Qafqazın flora və faunasının qorunmasında müstəsna əhəmiyyəti var. Hər il respublikamızda minlərlə ağac əkilir, parklar və yaşıllıqlar salınır.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik Cəlil Xəlilov qeyd edib ki, ulu öndər Heydər Əliyev ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ölkəmizdə fundamental addımlar atıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi xəttinin istiqamətlərindən biri də ekologiyanın qorunmasıdır. Həyata keçirilən ekoloji siyasət davamlı inkişafa təkan verir.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. Belə bir təşəbbüsün həyata keçirilməsi, respublikamızın beynəlxalq aləmdə ekoloji sistemin yaxşılaşdırılması üçün verdiyi mühüm və zəruri töhfə kimi qiymətləndirilməlidir.
Diqqətə çatdırıb ki, son illər dünyada yaşıllıqların azaldığı barədə “həyəcan təbili” çalınır. Meşə zolağının, ağacların azalması, ilk növbədə, insan üçün xoşagəlməz nəticələr vəd edir: oksigen azalır, ətrafa yayılan səs-küyün və toz dənəciklərinin qarşısı alınmır, atmosferə buraxılan zəhərli qazlar udulmadığı üçün canlı orqanizmə zərərli təsir göstərir, xəstəliklər çoxalır. Biz veteranlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü dəstəkləyir və olduqca təqdirəlayiq bir iş kimi qiymətləndiririk.
“Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər. Təbiətimizə göstərdiyimiz qayğı gələcək nəslin sağlam ekoloji mühitdə böyüməsinə müsbət təsir göstərəcək. Təbiətimizi sevmək, onu qorumaq və bu sevgini gənc nəslimizə təbliğ etmək vacib məsələdir. Dahi şairimizin yubileyi ilə əlaqədar, onun xatirəsini bir daha yad edərək ağac əkmək hər birimiz üçün fərəhdir. Hər birimiz belə nəcib təşəbbüsə qoşulmalı və ətraf mühiti qorumalıyıq”, – deyə C.Xəlilov vurğulayıb.