Samir Adıgözəlli: “Ən azı, böyük bir xeyriyyəçi addımdan özlərinə pay götürmüş olardılar”
Məlum olduğu kimi, dekabrın 6-dan dahi Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi ilə bağlı 650 min ağac əkilməsi aksiyasına start verilib. Aksiyada könüllü olaraq çoxlu sayda insan iştirak edib. Hətta hakim YAP müxalifətə bununla bağlı çağırış da edərək, onları da ağac əkməyə dəvət edib.
Aksiya zamanı Siyavuş Novruzov deyib ki, insanlar öz təşəbbüsləri ilə bu kampaniyaya dəstək verirlər:“Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir”. Onun sözlərinə görə, YAP bu təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında iştirak edir:“70-dən artıq rayonda hərəsində 300 nəfərdən az olmayaraq YAP üzvü bu kampaniyaya qatılıb. Ağacların əkilməsi və onlara qulluq edilməsi diqqət mərkəzindədir. Biz yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu monitorinq aparılacaq. Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllıq artırılması üçün aparılacaq. Bu təşəbbüs ölkənin ekologiyası üçün gözəl layihələrdən biridir. Biz də böyük məmnuniyyətlə qoşuluruq. Burada kifayət ağac əkilib. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər”.
Bizim müşahidələrimiz isə göstərib ki, müxalifətin heç bir qurumu bu aksiyada iştirak etməyib. Radikal dairələrin bu addımını necə dəyərləndirmək olar? İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, radikalların bu davranışı siyasi etiketə uyğun deyil: “Elə məsələlər var ki, orda iqtidar-müxalifət münasibətləri, baxışları kənara qoyulmalıdır. Biz bu addımları dünyanın ən inkişaf etmiş ölkələrinin də təcrübəsində görürük. Məsələn, Dağlıq Qarabağla bağlı məsələdə bizim mövqeyimiz haçalanmamalıdır. Sabah ölkə başçısı Qarabağla bağlı bir mitinq çağırsa, müxalifətin ən radikal kəsimi də orda var qüvvəsi ilə iştirak etməlidir. Bundan boyun qaçırarlarsa, deməli, demək ümummilli maraqlara qulluq etmirlər. Ağacəkmə kampaniyasını da bu qəbildən saya bilərik. Müxalifət daha çox ölkədə ağaçların kəsilməsindən şikayət edir. Onda ölkəmizin ekoloji tarazlığının qorunmasına xidmət edən bu aksiyaya niyə qatılmırlar? Məgər həmin ağacların bunların özlərinə, övladalarına bir xeyiri dəyməyəcək? Bu cür xeyrxah, ümummilli maraqlara xidmət edən aksiyaları qəti siyasiləşdirmək olmaz. Mütləq mənada bütün siyasi qüvvələr həmin aksiyaya öz dəstəyini əsirgəməməliydi. Belə addımlar həm də milli birliyə, vətəndaş həmrəyliyinə xidmət edər. Biz müharibə şəraitində yaşayırıq, belə göstəricilərin əldə olunmasına ciddi ehtiyacımız var. Aksiyada 650 min ağac əkildi. Müxalifət olmasa da bu həyata keçirildi. Amma onların iştirakı özləri üçün faydalı olardı. Ən azı, böyük bir xeyriyyəçi addımdan özlərinə pay götürmüş olardılar”.
Məhəmmədəli QƏRİBLİ