ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp üçün ən etibarlı liderlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevdir.
Trend bildirir ki, bu barədə ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhaninin İsrailin nüfuzlu “Jerusalem Post” qəzetində dərc olunan məqaləsində yazılıb.
R.Sobhaninin sözlərinə görə, Tramp və onun xarici siyasət komandası Azərbaycanla və onun lideri ilə hərtərəfli əməkdaşlığa başlamalıdır.
Məqalədə yazılır ki, Azərbaycan dünyanın ən qədim yəhudi icmasına sahibdir və digər müsəlman ölkələrindən fərqli olaraq burada xristianlar, yəhudilər, bəhailər və müsəlmanlar sülh və əminamanlıq içərisində yaşayırlar.
Müəllif yazır:
“Azərbaycan və İsrail arasında münasibətlər bir çox sahələrdə, o cümlədən hərbi və diplomatik əməkdaşlığı əhatə edir. Bu, həqiqətən də müsəlman dünyasında unukal nümunədir. Yeni seçilmiş prezident Tramp görə bilər ki, Azərbaycan dini azadlıq modeli ilə müsəlman dünyasının vacib ölkələrindən biridir”.
Azərbaycanı unikal edən ikinci məqam ondan ibarətdir ki, o Xəzər regionundan neft və qazın beynəlxalq bazarlara tədarükü yolu ilə enerji təhlükəsizliyinin təmin olunması məsələsində Vaşinqtonla eyni hədəfləri bölüşür.
R.Sobhani yazır:
“Üçüncü məqam odur ki, yeni administrasiya Trampın növbəti dörd il ərzində bir çox dünya liderləri ilə görüşəcəyini, lakin onlardan heç birinin Prezident İlham Əliyev kimi Vaşinqtonun etibarlı tərəfdaşı olmayacağını nəzərə almalıdır. Prezident İlham Əliyevin atası, ölkənin keçmiş Prezidenti Heydər Əliyev 9 sentyabr hücumlarında ABŞ səfirini öz iş otağına çağıraraq tam dəstək və əməkdaşlığıa hazır olduğunu ifadə etmişdi. O zamandan bəri Prezident Əliyev Amerikanın terrorçuluğa qarşı müharibəsində sarsılmaz tərəfdaşına çevrilib”.
ABŞ-ın yeni seçilmiş prezidentinin Azərbaycanla bağlı atmalı olduğu ilk addımlar bunlar olmalıdır:
“Birincisi, Prezident İlham Əliyevi Ağ Evə dəvət etmək. Bu fakt onu vurğulayacaq ki, Bakı və Vaşinqton geosiyasi məqsədləri və dəyərləri paylaşır. Bundan başqa, Tramp-Əliyev görüşü Trampın İslama münasibəti ilə bağlı narahat olanlara müsbət cavab olacaq. Tramp digər müsəlman ölkələrinə Azərbaycanın inkişaf modeli olduğunu göstərə bilər. Və nəhayət, prezident Tramp Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla Nobel sülh müakafatını əldə edə bilər”.