Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda ədliyyə orqanlarının yaranmasından 105 il ötür

Noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür

Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Boyukmillet.com xəbər verir ki, müasir Azərbaycan ədliyyəsinin təsis edilməsi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə – 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə verdiyi xüsusi əhəmiyyətinin göstəricisi idi. Ötən 105 ildə böyük inkişaf yolu keçən Azərbaycan ədliyyəsi mühüm nailiyyətlər qazanıb.

Azərbaycan ədliyyəsinin fəaliyyətinin canlandırılması və təkmilləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin təsis olunması bu mühüm sahənin gələcək inkişafı üçün əlverişli zəmin yaratdı.

Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırıldı, ölkəmizdə yeni üçpilləli məhkəmə sistemi bərqərar oldu.

Ədliyyə və məhkəmə-hüquq islahatları Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiqlənərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub. Həmçinin Prezident İlham Əliyev tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.

Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair Dövlət proqramları, Prezidentin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam, 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ədliyyə və məhkəmə fəaliyyətində mühüm “yol xəritəsi” olmaqla, bu sahənin müasir çağırışlara uyğun inkişafını təmin edib. Habelə vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə geniş imkan yaradıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə ədliyyə orqanları ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib, ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak edib, Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıblar.

Ədliyyə Nazirliyi tərəfindən aparılan mütərəqqi islahatlar davamlı xarakter alıb. Bu gün əhaliyə 40-dək elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər təqdim olunur. Azad olunmuş ərazilərdə səyyar ədliyyə xidmətləri təşkil edilir.

Ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində fəal iştirak edir, eləcə də əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir.

Nazirlik, həmçinin bələdiyyələrə metodoloji yardım göstərir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir.

Bütün bunlar ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətini göstərməklə nazirliyin çoxşaxəli fəaliyyət sahələrinin arxasında geniş həcmli konkret işlərin dayandığını göstərir.

Hazırda ədliyyə sistemi müasir informasiya texnologiyalarının tətbiqi ilə inkişaf edir, ədliyyəyə əlçatanlığın təmini məqsədilə innovativ həllərdən geniş istifadə edilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə sistemində aparılan islahatlar çərçivəsində vətəndaş məmnunluğunun təminatına yönələn müxtəlif ədliyyə xidmətlərinin rəqəmsal platformalarda eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsi müasir innovativ xidmət – Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidmət platforması yaradılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində, həmçinin penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması, cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur müasirləşdirilir. Ötən dövrdə Bakıda yeni istintaq təcridxanası, yetkinlik yaşına çatmayanlar və qadınlar üçün müasir penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilib. Dövlətimizin başçısı həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub. Eyni zamanda, Naxçıvanda və Şəkidə də belə komplekslər tikilərək istifadəyə verilib. Gəncə və Lənkəran şəhərlərində inşası davam etdirilən komplekslərin isə yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində noyabrın 17-də Bakının Umbakı qəsəbəsində yeni inşa edilmiş qarışıq rejimli müasir penitensiar kompleksi istifadəyə verilərək geniş ictimaiyyətə təqdim olunub.

Bu il oktyabrın 15–də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdərədə, Əsgəranda, Xocalıda və Xankəndidə Azərbaycanın dövlət Bayrağını qaldırdı, bununla da suverenliyimiz tam bərpa olundu. Yaranmasının 105-ci ildönümünü şanlı Zəfərlə eyni dövrdə qeyd edən Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, bu orqanlar üçün infrastrukturun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir. Son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafı istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər, məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar, ölkəmizin inkişaf prosesinə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur bölgəsini də əhatə edəcək.

Müşahidə edilən yüksək dinamika tam əminlik yaradır ki, azad olunmuş ərazilərdə ədliyyə işçilərinin fəaliyyəti çox yaxın zamanlarda bərpa olunacaq, ədalət keşikçiləri Ali Baş Komandanımızın haqq-ədaləti bərqərar etdiyi torpaqlarımızda xidmət göstərəcəklər.

Respublikamızda ədliyyə-hüquq sistemində aparılmış islahatlar, məhkəmələr üçün müasir infrastrukturun yaradılması, informasiya texnologiyalarının və yeniliklərin tətbiqi beynəlxalq ekspertlər tərəfindən təqdirəlayiq nailiyyət və qanunçuluğun tam mənada təmin edilməsi kimi qiymətləndirilir.

Azərbaycan Prezidentinin ədliyyə sisteminə yüksək diqqət və qayğısının daha bir təzahürü bu sahədə çalışan əməkdaşların mütəmadi olaraq təltif edilməsidir. Dövlət başçısının 2023-cü il 21 noyabr tarixli sərəncamlarına əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşlar “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib, ali xüsusi rütbələrə layiq görülüblər.

Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Check Also

Atatürkün “ən böyük əsərim” adlandırdığı Türkiyə Cümhuriyyəti 101-ci ildönümünü qeyd edir

Mustafa Kamal Atatürkün “ən böyük əsərim” adlandırdığı Türkiyə Cümhuriyyəti 101-ci ildönümünü qeyd edir. Qeyd edək …